Əfqanıstan prezidenti: "Azərbaycanın böyük qələbəsi beynəlxalq hüququn qalibiyyətidir"

Əfqanıstan prezidenti: "Azərbaycanın böyük qələbəsi beynəlxalq hüququn qalibiyyətidir" Tərəflər Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd ediblər
Xarici siyasət
113
30 Mart , 2021 17:30
Əfqanıstan prezidenti: Azərbaycanın böyük qələbəsi beynəlxalq hüququn qalibiyyətidir

Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Əfqanıstan prezidenti Azərbaycanı böyük Qələbə münasibətilə təbrik edərək bu zəfərin beynəlxalq hüququn qalibiyyəti olduğunu vurğulayıb. Bu xüsusda, Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təbriklərini çatdırıb.

Prezident Məhəmməd Əşrəf Qani Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törədilmiş dağıntıların miqyasından xəbərdar olduğunu və bunun təəssüf doğurduğunu qeyd edib.

C.Bayramov Əfqanıstan prezidentinə təşəkkürünü bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərindən bəhs edərək, yaxın gələcəkdə həyatın bu ərazilərə geri qayıdacağını vurğulayıb.

Tərəflər Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd ediblər. ASAN xidmətinin Əfqanıstanda fəaliyyətə başlaması və gələcəkdə bu xidmətin daha geniş sahələri əhatə etməsi niyyəti, ADA Universitetində gənc əfqan diplomatları üçün təlimlərin davam etdirilməsi, habelə Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi