Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransı (LDC5) çərçivəsində BMT-nin Cənub-Cənub Əməkdaşlıq İdarəsinin direktoru Dima Əl-Xatib ilə görüşüb və onu Ermənistanın təxribatları və sülh prosesinə maneələri barədə məlumatlandırıb.
Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.
Görüşdə ən az inkişaf etmiş ölkələrin müxtəlif sahələrdə inkişafında texnoloji, sosial müdafiə, səhiyyə, təhsil və digər sahələrdə yardımların rolu, həmçinin bu istiqamətdə yardımların göstərilməsində əməkdaşlıq imkanları müzakirə edilib.
C.Bayramov Azərbaycanın ən az inkişaf etmiş ölkələrə həyata keçirdiyi yardımlar barədə ətraflı məlumat verib. Ölkəmizin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinə tələbə təqaüd proqramlarının mövcudluğu diqqətə çatdırılıb.
Nazir qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, Ermənistanla münasibətlərin normallaşdırılması, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, davam edən mina təhdidlərindən bəhs edib. Nazir eyni zamanda Ermənistanın təxribatları və sülh prosesinə maneələri barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.