Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib - YENİLƏNİB
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib - YENİLƏNİB Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında Qoşulmama Hərəkatının Nazirlər Toplantısında iştirak edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının (QH, Hərəkat) “Silahlı münaqişələr zamanı mülki şəxslərin qorunması: Fələstin xalqı ilə həmrəylik” mövzusunda nazirlər görüşündə iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, C.Bayramov beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin qorunmasında QH-nin rolunun, habelə qlobal sülh, təhlükəsizlik və inkişafa təhdid və çağırışların artması fonunda QH ölkələrinin səylərinin adekvat və operativ şəkildə koordinasiyasının əhəmiyyətini vurğulayıb.
Azərbaycanın 2019-2023-cü illər ərzində QH-yə sədrliyi dövründə Hərəkatın fəaliyyətinin səmərəliliyinin artırılması və Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəmədiyi, bu məqsədlə bir sıra konkret təşəbbüslərlə çıxış etdiyi diqqətə çatdırılıb.
Azərbaycanın QH Sədrlik Üçlüyünün aktiv üzvü kimi Hərəkatın dünya miqyasında rolunun və təsir gücünün daha da artırılması işinə sadiq olduğu, cari ilin əvvəllərində keçirilmiş Kampala Zirvə toplantısının Hərəkat çərçivəsində indiyədək əldə edilmiş tərəqqiyə nəzər yetirilməsi və QH-nin yekun sənədlərində qarşıya qoyulmuş hədəflərin irəli aparılması baxımından fürsət rolunu oynadığı bildirilib.
Fələstin məsələsinin QH gündəliyində yer alan əsas maddələrdən olduğu və məsələyə dair QH-nin mövqeyinin Hərəkatın müxtəlif strukturları tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapdığı diqqətə çatdırılıb.
QH tərəfindən həmçinin İsrail-Fələstin münaqişəsi zonasında beynəlxalq humanitar konvensiyaların və insan hüquqları qanunlarının pozulması hallarına dair narahatlığın bildirildiyi, mülki əhaliyə qarşı hərbi əməliyyatların dayandırılması və qurbanlara ədalətli yanaşılması xüsusunda çağırışlar etdiyi vurğulanıb.
Azərbaycan tərəfinin məsələyə dair mövqeyinin dəyişməz qaldığı, beynəlxalq hüququn norma və prinsiplərinə, və eləcə də BMT-nin əlaqədar qətnamələrinə əsaslandığı ifadə olunub.
Sonda davamlı inkişaf və tərəqqi naminə dünyanın bütün nöqtələrində sülh və təhlükəsizliyin bərqərar olacağına ümidvarlıq bildirilib, QH çərçivəsində birgə səylərin artırılması və həmrəyliyin gücləndirilməsi vasitəsilə ortaq hədəflərə çatıla biləcəyi vurğulanıb.
19:17
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Uqandanın sədrliyi ilə "Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi: Fələstin xalqı ilə həmrəylik" mövzusunda təşkil olunmuş Qoşulmama Hərəkatının Nazirlər iclasında iştirak edib.
"Report" xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib. İclasda Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin həqiqi müdafiəçisi kimi rolu vurğulanıb.
"Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, habelə Hərəkatın səmərəliliyinin artırılması istiqamətində davamlı səyləri və təşəbbüsləri ilə yanaşı, Qoşulmama Hərəkatı Üçlüyünün fəal üzvü kimi Hərəkatın rolunun və əhəmiyyətinin daha da artırılmasına sadiq qalır. Azərbaycan hesab edir ki, Fələstin məsələsinin bütün aspektlərdə ədalətli və davamlı həlli BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilənə qədər Hərəkatın gündəliyində prioritet olaraq qalmalıdır", - paylaşımda qeyd olunub.
On the sidelines of high-level week of #UNGA79, @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of #Azerbaijan attended and delivered remarks at NAM Ministerial Meeting organized by @NAM_Uganda under the theme of “Protecting the civilians during armed conflicts: Solidarity with… pic.twitter.com/Shd0P0rp7Y