Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Josep Borrell ilə görüşüb.
Bu barədə “Report”a XİN-dən məlumat verilib.
Görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq perspektivlərini, enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, Ukraynadakı vəziyyət, ölkəyə humanitar yardımın göstərilməsi məsələləri müzakirə mövzusunu təşkil edib.
Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət, üçtərəfli bəyanatların həlli məsələləri, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib, habelə iki ölkə arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışı ilə bölüşüb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.