Cenevrədə münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Cenevrədə münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət mövzusunda konfrans keçirilib - YENİLƏNİB BMT-nin Cenevrə Bölməsində Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT-nin Sülh Universiteti ilə birgə “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Xarici siyasət
9 Aprel , 2019 18:03
Cenevrədə münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət mövzusunda konfrans keçirilib - YENİLƏNİB
0 : 00
0 : 00

BMT-nin Cenevrə Bölməsində Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT-nin Sülh Universiteti ilə birgə “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbiri açan Azərbaycanın daimi nümayəndəsi Vaqif Sadıqov tədbirin məqsədlərini açıqlayaraq münaqişə zonalarında qeyri-qanuni fəaliyyətin insan hüquqlarına təsirindən danışıb.

Tədbirin həmtəşkilatçısı olan BMT-nin Sülh üzrə Universitetin rektoru Fernando Roxas Aravena açılış nitqi ilə çıxış edərək sülhün olmadığı halda, inkişaf və tərəqqinin olmayacağı və qeyri-qanuni fəaliyyətlərin artacağını vurğulayıb.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açılış nitqində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində bu ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlərin həyata keçirildiyi, resurslardan qeyri-qanuni istifadə edildiyi və məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulduğunu qeyd edib. Bu xüsusda, bir sıra praktiki nümunələrə diqqəti çəkərək İsveçrənin tanınmış şirkəti “Frank Müller”, eləcə də “Airbnb”şirkətinin qanunsuz fəaliyyətlərindən bəhs edib. O qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlər münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir və münaqişənin uzanmasına xidmət edir. O, eyni zamanda Azərbaycanın münaqişə ərazilərində qeyri-qanuni fəaliyyətlər mövzusunun inkişafına və aktuallaşmasına fəal surətdə töhfə verdiyini vurğulayıb.

Konfrans İtaliya, İsveçrə, Niderland, Böyük Britaniya və Azərbaycandan müvafiq ekspertlərin iştirakı ilə iki işçi sessiya şəklində keçirilib. Tədbir zamanı həmçinin Anqola, Azərbaycan, Konqo Demokratik Respublikası və Syera Leonedə sözügedən sahədə mövcud olan vəziyyət bu ölkələrin nümayəndələri tərəfindən işıqlandırılıb.

Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və onun insan hüquqları üzərində təsirlərinin aradan qaldırılması ilə bağlı mövcud beynəlxalq hüquqi çərçivənin müzakirəsinə həsr edilmiş ilk sessiyada çıxış edən məruzəçilər münaqişə zonalarında qeyri-qanuni fəaliyyət göstərən şirkətlərə görə müvafiq dövlətlərin məsuliyyət daşıdığını vurğulayıblar. Çıxışlar zamanı bu sahədə məcburi xarakter daşıyan konkret instrumentin qəbul edilməsinin zəruriliyi qeyd olunub. Bu sessiyada həmçinin məruzəçilər tərəfindən Ermənistanın Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələr, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı, işğal olunmuş ərazilərə qeyri-qanuni pul köçürmələri, insanların məskunlaşdırılması və digər məsələlər ilə bağlı fikilər səsləndirilib.

Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı üçüncü tərəflərin öhdəliklərinə həsr edilmiş ikinci sessiyada isə məruzəçilər tərəfindən işğal olunmuş ərazilərdə yaradılan qeyri-qanuni rejimlərin tanınmaması ilə bağlı digər ölkələrin məsuliyyət daşıdığı qeyd edilib. Bu sessiyada “Azərkosmos” ASC tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində işğalçı ölkə Ermənistan tərəfindən qeyri-qanuni iqtisadi fəaliyyətin aparılması, ətraf mühitə ziyanın vurulması, meşələrin yandırılması və s. nümayiş etdirən peyk vasitəsilə çəkilmiş görüntülər təqdim edilib. Bu işçi sessiyada münaqişə zonalarında maddi-mədəni irsin dağıdılması məsələsi də müzakirə olunaraq, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan izinin silinməsi istiqamətində məqsədyönlü şəkildə siyasətin aparıldığı barədə məlumat verilib.

Tədbirdə Cenevrədəki BMT bölməsi yanında akkreditə olunmuş daimi nümayəndəliklər, mövzu üzrə tədqiqat aparan beynəlxalq hüquqşünaslar və qeyri-hökumət təşkilatlarından olan 120-dən artıq nümayəndə iştirak edib.


*** 13:42

BMT-nin Cenevrə Bölməsinin qərargahında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT-nin Sülh Universiteti ilə birgə “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfrans keçirilir. 

"Report" xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və tədbirin həmtəşkilatçısı olan BMT-nin Sülh Universitetinin rektoru Fransisko Roxas Aravena açılış nitqləri ediblər.

Fransisko Roxas Aravena çıxışında təmsil etdiyi ali təhsil ocağının humanizm, beynəlxalq hüquq və sülhün təbliği istiqamətində göstərdiyi akademik fəaliyyətə toxunub. O, davamlı inkişaf üçün sülhün ən vacib şərtlərdən biri olduğunu vurğulayıb.

H.Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti, eyni zamanda, işğal edilmiş ərazilərimizdə beynəlxalq təşkilatların qeyri-qanuni iqtisadi fəaliyyəti barədə danışıb.

Beynəlxalq konfrans işçi sessiyalarla davam edir. Birinci sessiyada münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və onun insan hüquqları üzərində təsirlərinin aradan qaldırılması ilə bağlı mövcud beynəlxalq hüquqi çərçivə müzakirə edilir. İkinci sessiyada isə münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı üçüncü tərəflərin öhdəliklərindən bəhs ediləcək və bu xüsusda Azərbaycanın, eləcə də bir sıra digər ölkələrin üzləşdiyi problemlər iştirakçıların diqqətinə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi