Britaniyalı nazir və səfir İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində olublar
- 22 fevral, 2023
- 13:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokert İçərişəhər Ənənəvi İncəsənət Mərkəzini ziyarət edib.
"Report" xəbər verir ki, ziyarətdə onunla birlikdə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da iştirak edib.
Səfirliyin tviter səhifəsində yazılıb ki, onlar Böyük Britaniya mədəniyyətini və incəsənətini təmsil edən insanlarla görüşüblər: "Buradakı incəsənət nümunələri, əl işləri, xüsusilə gümüş işləmələr insanı heyran edir".
Qeyd edək ki, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci ildə təsis edilib.
Mərkəz İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə Birləşmiş Krallıqda yerləşən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında həyata keçirilən birgə layihənin nəticəsidir.