BQXK-nin Xankəndidəki "fəaliyyət"inə Bakıdakı nümayəndəlikdən cavab: "Bu, daxili struktur məsələsidir"

BQXK-nin Xankəndidəki "fəaliyyət"inə Bakıdakı nümayəndəlikdən cavab: "Bu, daxili struktur məsələsidir" “Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Xankəndi ofisi Yerevana tabe deyil”.
Xarici siyasət
23 Avqust , 2023 18:12
BQXK-nin Xankəndidəki fəaliyyətinə Bakıdakı nümayəndəlikdən cavab: Bu, daxili struktur məsələsidir

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Xankəndi ofisi İrəvan ofisinə tabe deyil”.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, BQXK-nin fəaliyyətləri onun daxili məsələsidir: "Biz bütün əməliyyatları qərar verənlərlə ikitərəfli müzakirələr nəticəsində həyata keçiririk. Bu o deməkdir ki, əvvəlcədən əlaqədar qurumları məlumatlandırır və razılıq əldə edəndən sonra addımlar atırıq”.

İ.Hüseynova BQXK-nin Xankəndi ofisinin fəaliyyətinə logistik dəstəyin Azərbaycan ərazisi vasitəsilə həyata keçirilməsinin mümkün olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirməkdən imtina edib. O bildirib ki, BQXK-nin daxili məsələsi ictimai müzakirə üçün açıq deyil:

“Bu, sırf daxili struktur məsələsidir. BQXK-nin qərargahı Cenevrədədir və bütün ofislər bir mərkəzdən idarə olunur. Belə bir şey yoxdur ki, BQXK Azərbaycanda ayrı qurumdur, Rusiyada ayrı. Bunlar sadəcə bir qurumun başqa yerlərdə olan ofisləridir”.

O, humanitar təşkilat olan BQXK-nin itkin düşmüş 4 minə yaxın azərbaycanlının sonrakı taleyinin müəyyənləşdirilməsi istiqamətində atdığı addımlarla bağlı isə vurğulayıb ki, təşkilat qərar verən qurum deyil, ancaq qərarı verən əlaqədar qurumlara dəstək göstərə bilir:

"BQXK Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına dəstək olaraq itkin düşmüş şəxslərin ailə üzvlərindən 10 mindən çox bioloji nümunə toplayıb, proses keçən il bitib və onlar da Komissiyaya təhvil verilib. Dövlət qurumları da həmin bioloji nümunələrin əsasında DNT profili çıxarıblar. Bunlara əlavə olaraq xüsusilə itkin düşmüş şəxslərin ailələrinin müraciəti əsasında onların qeydiyyatını aparıb və ətraflı məlumatlar toplanılıb. Ancaq bunu mütəmadi olaraq birbaşa etmirik, yəni onlarla şəxsən bir-bir özümüz əlaqə qurmuruq. Bunun üçün “Müşayiətçilər” deyilən bir şəbəkə yaratmışıq, onlar özləri də itkin düşmüş şəxslərin ailə üzvləridirlər. Həmin şəbəkə vasitəsilə əlaqə yaradırıq. Biz isə həmin şəbəkəyə təlimlər keçirik”.

İ.Hüseynova qeyd edib ki, BQXK ümumilikdə regiona 1992-ci ildə gəlib və qurum itkin düşmüş şəxslərlə bağlı ötən dövr ərzində bir çox işlər görüb.

Son xəbərlər

Orphus sistemi