Bakı. 18 dekabr. REPORT.AZ/ "Avropanın təhlükəsizliyi yalnız siyasi iradə ilə deyil, həmçinin vahid və azad Avropanın qurulması təşəbbüsü ilə təmin olunur". "Report"un xəbərinə görə, bu barədə Serbiyanın keçmiş prezidenti Boris Tadiç "ADA" Universitetində "Qlobal xarici siyasət: Berlin divarının çökməsindən 25 il sonra" mövzusunda keçirilən mühazirə zamanı deyib.
Eks-prezident vurğulayıb ki, Ukrayna böhranı Avropanın təhlükəsizlik arxitekturasına yenidən baxılması üçün səbəb ola bilər: "Yeni dövlətlərin, o cümlədən Serbiyanın Avropa İttifaqına (Aİ) üzv olması birləşdirici element və regionda sabitliyin qarantı olacaq. Serbiyanın Aİ-yə üzv olmaq təşəbbüsünü və demokratik islahatların nəticələrini qurum müsbət qarşılayıb".
O, "Şərq tərəfdaşlığı" mövzusuna toxunaraq qeyd edib ki, bu layihədə Rusiyanın maraqları nəzərə alınmalıdır: "Lakin Rusiya qonşularının Aİ-yə üzv olmaması üçün bütün səyləri göstərəcək. Dünyanın iqtisadi və siyasi formatı daim dəyişir. Biz Ukrayna məsələsinin həllinə dair bütün səyləri göstərməliyik, əks halda biz dominant mövqeyi itirəcəyik".
B.Tadiç deyib ki, təhlükəsizlik məsələlərinin həllinə dair imkanların və yanaşmaların istifadəsi zəruridir, digər hallarda vəziyyət gözlənilməz olacaq.