Yuxarı

BMT ÜƏP-in icraçı direktoru Azərbaycanın son 15 il ərzindəki nailiyyətlərindən məmnunluğunu bildirib

​Səfir Məmməd Əhmədzadə BMT-nin ÜƏP-də akkreditə olunub

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Roma şəhərində agentlikləri yanında daimi nümayəndəsi təyin olunması ilə bağlı etimad məktubunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Ertarin Kazinə təqdim edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, M.Əhmədzadə ilə E.Kazin arasında keçirilən görüşdə, ÜƏP-in icraçı direktoru Azərbaycanın son 15 il ərzində əldə etdiyi nailiyyətlərdən, xüsusən insan inkişafı indeksi üzrə əldə etdiyi mövqedən məmnunluğunu bildirib. Azərbaycan-ÜƏP münasibətlərindən danışaraq əvvəllər Azərbaycanın ÜƏP yardımlarından yararlandığını qeyd edib, ölkənin iqtisadi və maliyyə imkanlarının artması ilə ÜƏP-in 2013-cü ildən Azərbaycanda öz yardım fəaliyyətini dayandırdığını və artıq ÜƏP-in Azərbaycana donor ölkəsi kimi baxdığını vurğulayıb.

M.Əhmədzadə müstəqilliyin ilk illərindən Azərbaycanla ÜƏP arasında qurulan əməkdaşlıqdan, Azərbaycan hökuməti ilə bu qurum arasında mövcud olan yüksək səviyyəli görüşlərdən danışıb, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin formalaşdığı anda ÜƏP-in ölkəmizə humanitar yardımlarının əhəmiyyətini qeyd edib. M.Əhmədzadə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər nəticəsində donor ölkəsinə çevrildiyi, son illər ölkəmiz tərəfindən beynəlxalq səviyyədə həyata keçirilən yardım və inkişafa dəstək siyasəti barədə məlumat verib, bu xüsusda ÜƏP ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüş zamanı Azərbaycan və ÜƏP arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi