Yuxarı

Gürcü politoloqlar: "BMT-nin Sivilizasiyalar Alyansının Bakı Forumu region üçün mühüm əhəmiyyət kəsb edir"

Məhz bu cür tədbirlərdə açılan müzakirələr, qəbul olunan qərarlar, tövsiyələr əsasında işğal olunmuş bütün ərazilər işğaldan azad olunacaq

Tbilisi. 28 aprel. REPORT.AZ/ "Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir". "Report" xəbər verir ki, gürcü politoloqlar bu fikirdədirlər.

Gürcüstanın Art-paralel telekompaniyasının direktoru, politoloq Tengiz Txilava Report-a müsahibəsində deyib: “Belə bir tədbirin Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir. İlk növbədə Azərbaycan bütün dünyaya sübut etdi ki, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların tədbirlərini keçirməyə qadirdir. Digər tərəfdən nəzərə almalıyıq ki, Cənubi Qafqaz çoxmillətli, çox konfensiyalı, çox mədəniyyətli regiondur və bu regionda bütövlükdə dünyanın özü üçün təhlükəli münaqişələr mövcuddur. Azərbaycanın və Gürcüstanın əraziləri işğal olunub, insanlar yurd-yuvalarından didərgin düşüblər. BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və digər əraziləri ilə əlaqədar xüsusi qətnamə və qərarlar qəbul ediblər. Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü təsbit olunub və işğalçı qüvvələrin həmin ərazilərdən çıxarılması tələb edilir. Təəssüf ki, bu tələblər hələ də yerinə yetirilməyib və kağız üzərində qalıb.

Bu baxımdan da hesab edirəm ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu belə problemlərin həllində də mühüm rol oynayacaq. Məhz bu cür tədbirlərdə açılan müzakirələr, qəbul olunan qərarlar, tövsiyələr əsasında işğal olunmuş bütün ərazilər işğaldan azad olunacaq. Bölgədə sülhə nail olacağıq”.

Gürcüstanın Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin müəllimi, politoloq Badri Natçkebiya isə "Report"a deyib ki, belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın, xüsusən də Prezident İlham Əliyevin necə böyük nüfuz sahibi, etibarlı tərəfdaş olduğunu sübut etdi. Beynəlxalq təşkilatlar da bunu görür və öz iştirakları ilə təsdiqləyirlər.

Politoloq bildirib ki, Azərbaycan Xəzər dənizi və Qara dəniz hövzələrində əsas fiqur, Qərblə Şərq arasında körpüdür. Eyni zamanda, bu cür tədbirlər region üçün də mühüm əhəmiyyət kəsb edir: “Bu gün Cənubi Qafqaz regionunda ciddi münaqişələr mövcuddur. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və digər qlobal tədbirlər regionda sülhün bərqərar olmasında da mühüm rol oynayacaqdır. BMT TŞ-sı, Avropa Şurası və digər nüfuzlu təşkilatlar Dağlıq Qarabağ münaqişəsi və Gürcüstanın işğal olunmuş əraziləri ilə əlaqədar mühüm qərar və qətnamələr qəbul ediblər. Bu cür tədbirlərdə həmin qərarların icrası da diqqət mərkəzində olur. Bu da öz növbəsində problemlərin dialoq və sülh yolu ilə həllinə imkan yaradır. İşğalçı dövlətlər bu imkandan yararlanmalı, işğal etdikləri əraziləri qeyd-şərtsiz azad etməlidirlər. Əks halda BMT və digər təşkilatların qərarları daha kəskinləşəcək, daha kəsərli, təsirli qərarlar qəbul olunacaq, daha vacib və qəti addımlar atılacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi