Yuxarı

BMT baş katibi Azərbaycana səfər edəcək

O, xüsusilə Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının iclasına peşəkarlıqla sədrlik etməsinin onda xoş təəssürat yaratdığını qeyd edib

Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT baş katibi Ban-Ki-Moon ilə görüşüb. Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb.

Görüşdə Azərbaycan-BMT münasibətləri, BMT sisteminə daxil olan təşkilatlar, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO), BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir Ban-Ki-Moona Azərbaycanın qlobal sülh və dialoqa töhfə verən təşəbbüsləri barədə məlumat verərək, onu cari ilin 18-19 may tarixində Bakıda keçiriləcək 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib. Görüşdə ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində Azərbaycanın regionda həyata keçirilən bütün vacib layihələrin aparıcı ölkəsi olduğu qeyd edilib. Azərbaycanda müxtəlif mədəniyyət və dinlərin birgə yaşama ənənələrinin tarixən bərqərar olduğu və hazırda bu ənənələrin nümunə kimi beynəlxalq səviyyədə təbliğ edildiyi vurğulanıb.

Baş katib Pan-Ki-Moon Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülhə və əməkdaşlığa töhfə verdiyini, xüsusilə Prezident İlham Əliyevin Şuranın iclasına peşəkarlıqla sədrlik etməsinin onda xoş təəssürat yaratdığını qeyd edib.

Ban-Ki-Moon 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi