BMT-nin Bakıdakı İnformasiya Mərkəzinin rəhbərliyi və BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin ölkə üzrə təmsilçiliyində dəyişiklik olub.
BMT-nin Bakıdakı ofisindən "Report"a bildirilib ki, yeni təyinatı ilə əlaqədar bu vəzifədən ayrılan Rəşad Hüseynovu bu ilin sonuna kimi Süheylə Cəfərova əvəz edəcək.
Rəşad Hüseynov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İstanbuldakı Regional Ofisinə kommunikasiya məsələləri üzrə məsul şəxs vəzifəsinə təyin olunub (Communications Officer). Bu vəzifədə o, ÜST-nin Mərkəzi Asiya regionunda kommunikasiya fəaliyyətini əlaqələndirəcək.
Rəşad Hüseynov 2017-ci ilin avqust ayından BMT-nin İnformasiya Mərkəzinə rəhbərlik edib. Bundan öncə isə o, ATƏT-in Vyanadakı baş qərargahında media məsələləri üzrə mütəxəssis və illik hesabatın redaktoru, ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri, habelə İsrailin Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru vəzifələrində çalışıb.
BMT-nin İnformasiya Mərkəzinə yeni təyin olunmuş Süheylə Cəfərova isə Dünya Bankında, BMT-nin Əhali Fondunda, Beynəlxalq Miqrasiya Təşkilatında, BMT-nin İnkişaf Proqramında və digər təşkilatlar və diplomatik missiyalarda kommunikasiya strategiyalarının qurulması sahəsində konsultant təcrübəsinə malikdir. Süheylə Cəfərova həmçinin bir sıra dövlət qurumları və qlobal brendlərə kommunikasiyaların idarə olunması üzrə məsləhətçi xidməti göstərib.