"Ağdamda bəyanatımda, yekun bəyanatımda dedim ki, mən bir növ qarışıq hisslər keçirirəm. Birincisi, siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum".
"Report"un xəbərinə görə, bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
"Heç nə yoxdur, tamamilə dağıntıdır. İnsan kədərlənir ki, XXI əsrdə belə bir halın necə şahidi olmaq olar? İkincisi, düşünürəm ki, Ağdama səfərim yaxşı keçdi, çünki Sizin xüsusi nümayəndəniz mənə gələcək üçün planı göstərdi. Bu, böyük baxışdır, cənab Prezident. Yolları, insanların məşğul olduğunu, dinamikanı görmək imkanı böyük qürur hissi verir.
Azərbaycan hər zaman inkişaf edib və bu inkişaf daha da güclənəcək. Mən özümü hər zaman Azərbaycanın dostu hesab etmişəm, bu dəfə də Sizinlə olmaqdan və BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi qismində yeni missiyamda Sizin səylərinizi, Xarici İşlər Nazirliyini və Mədəniyyət Nazirliyinizi dəstəkləməyə çalışmaqdan qürur duyuram.
Məni qəbul etdiyinizə və birlikdə görə biləcəyimiz işləri nəzərdən keçirmək imkanına görə təşəkkür edirəm", - o vurğulayıb.