“BMT Azərbaycanı dəstəkləməkdə və məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıtmasına kömək etməkdə davam edəcək”.
“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
“Dünyada minatəmizləmə sahəsində aparılan işlərə baxmayaraq, minalar ciddi problem olaraq qalmaqda davam edir. Son ilyarımda Azərbaycanda 100-dən çox şəxs minaların qurbanı olub”, - o deyib.
V.Andreyeva BMT agentliklərinin çoxdandır ANAMA ilə əməkdaşlıq etdiyini vurğulayaraq, bu sahədə əlaqələri aktivləşdirməyə çağırıb. Onun sözlərinə görə, minatəmizləmə fəaliyyəti işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının və digər sahələrin inkişafı baxımından zəruridir.
O, bu il Azərbaycan və BMT arasında münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladaraq, bu ilin əməkdaşlıq baxımından çox vacib olduğunu diqqətə çatdırıb.