Bakı. 18 iyun. REPORT.AZ/ İyunun 16-17-də Cenevrə şəhərində
İşçi Qrupunun hesabatının təqdimatı zamanı qrupun sədri və məruzəçisi Maykl Addo səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. İşçi Qrupu öz hesabatında son illər ərzində Azərbaycanda iqtisadi inkişaf, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, habelə korrupsiyaya qarşı mübarizə sahələrində mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb. Bununla yanaşı, İşçi Qrupu ölkəmizdə biznes və insan hüquqlarının tam təmin olunmasının qarşısında duran əsas maneənin məhz Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin münaqişə nəticəsində öz yurd-yuvalarını tərk etmiş qaçqın və məcburi köçkünlər məsələsi olduğunu qeyd edib. Ermənistan nümayəndə heyətinin etirazına cavab olaraq M.Addo Ermənistan tərəfini BMT Baş Assambleyasının 62/243 (2008) saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsini nəzərdən keçirməyə çağırıb.
BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Ç.Beyani hesabatın təqdimatı zamanı Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması, xüsusilə onların yaşayış yerləri ilə təmin olunması sahəsindəki tərəqqini qeyd edib və hökumətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. Xüsusi məruzəçi hesabatda məcburi köçkünlərin hüquqlarının tam bərpa olunması üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməli olduğunu qeyd edib və bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin, habelə BMT Baş Assambleyasının 62/243 (2008) saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsinin yerinə yetirilməsinə çağırıb. O, eyni zamanda, azərbaycanlı məcburi köçkünlərin məsələsini xüsusi diqqəti altında saxlayacağını bildirib və bu istiqamətdə Azərbaycan Respublikası Hökuməti ilə mövcud konstruktiv əməkdaşlığı bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Xatırladaq ki, BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Ç.Beyani 2014-cü il mayın 18-24-də, BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu isə 2014-cü il avqustun 18-27-də Azərbaycan Respublikasına səfər ediblər.
BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi və Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu BMT İnsan Hüquqları Şurasının xüsusi prosedurları mexanizminin tərkib hissəsini təşkil edir. Müstəqil ekspertlərdən ibarət olan xüsusi prosedurlar institutu BMT İnsan Hüquqları Şurasının müstəqil fakt araşdırıcı və monitorinq mexanizmi hesab olunur.