Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil qərargahında, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin dəstəyi ilə yüksək səviyyəli plenar sessiya təşkil olunub.
“Report”un ABŞ bürosu xəbər verir ki, tədbir “Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün dövlət xidmətlərinin göstərilməsində innovasiyalar” mövzusunda keçirilib.
Tədbirdə müxtəlif qitələri təmsil edən dövlətlərin BMT yanındakı daimi nümayəndəliklərindən səfirlər və aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların rəsmiləri, sahəvi ekspertlər və akademik dairələrin nümayəndələri olmaqla 100-dən çox iştirakçı qatılıb.
Tədbirin açılışını edən BMT Baş katibinin köməkçisi Navid Hanif çıxışında Azərbaycanın “ASAN xidmət” modelinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyünü, eləcə də 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumətlər Sammitində “Dünyanın ən qabaqcıl dövlət xidməti” mükafatı ilə təltif olunduğunu diqqətə çatdırıb: “Bu, sadəcə bir xidmət deyil, paylaşılası və öyrəniləsi təcrübədir”, - N.Hanif qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” təcrübəsinin BMT-yə üzv dövlətlərdə innovativ dövlət xidmətlərinin qurulmasına dəstək göstərməklə idarəetmə potensialının gücləndirilməsinə, şəffaf, əlçatan və effektiv dövlət idarəçiliyinin təşviqinə xidmət etdiyini bildirib: “Xidmətin uğur sirri innovativ texnologiyalar, könüllülərin iştirakı və bütün əhali qruplarını əhatə edən inklüziv yanaşmadır”.
İclasda BMT-nin müvafiq departamentinin bölmə rəhbəri və Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri müvafiq olaraq layihə çərçivəsində görüləcək işlər və “ASAN xidmət” barədə geniş təqdimatlarla çıxış ediblər. Çıxışlarda Azərbaycanın dövlət xidmətləri sahəsindəki qabaqcıl təcrübəsinin qlobal səviyyədə faydalı olacağını vurğulayıblar.
Qeyd edək ki, ötən ilin noyabr ayında BMT ilə Azərbaycan Respublikası Hökuməti arasında təsis olunmuş Etimad Fondu çərçivəsində, BMT ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsinin dörd qitədə təşviqini həyata keçirəcək.
Tədbirin keçirilməsində məqsəd 11 noyabr 2024-cü ildə Azərbaycan Hökuməti və BMT arasında imzalanmış “Töhfə Sazişi” çərçivəsində həyata keçiriləcək fəaliyyətlər barədə BMT-yə üzv dövlətləri məlumatlandırmaq, “ASAN xidmət” modelini təşviq etmək, eləcə də dövlət xidmətlərində innovativ həllər üzrə ekspert müzakirəsi və təcrübə mübadiləsi aparmaqdır.