"Regionda sülhü və rifahı daimi etmək üçün daha çox əməkdaşlığa ehtiyacımız var".
"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım İstanbulda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq, eləcə də regional təşkilatların heç biri rəqib deyil, hər bir qurumun əsas məqsədi qlobal sülhə nail olmaqdır.
Binəli Yıldırım deyib ki, Avrasiya coğrafiyasının onurğa sütununu təşkil edən zolaq Qərbi Avropadan, Uzaq Şərqə uzanan, əsrlər boyu həm tarixi, həm mədəniyyəti, həm də kommunikasiya əlaqələri ilə fərqlənən regiondur: "Bu gün, xüsusilə pandemiya və isti qarşıdurmaların başlaması ilə bəhs etdiyimiz regionun əhəmiyyəti daha da aydın olur".
Türkiyəli siyasətçi qeyd edib ki, Avrasiya regionu bəşəriyyətin 70 faizindən çoxunu qidalandıran spesifik bir coğrafiyadır: “Dolayısıyla, 25-ci Avrasiya İqtisadi Zirvəsində müzakirə etdiyimiz əsas məsələlərdən biri də, həmin bölgədə yerləşən ölkələrin infrastrukturlarını bir-biriləri ilə uyğun şəkildə formalaşdırılmasıdır. Hazırda Türkiyədə, Balkanlarda, Qafqazda çox ciddi infrastruktur layihələri həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmiryolu, İstanbulda iki qitəni birləşdirən "Avrasiya", "Marmaray" keçidləri bu işlərdən bəziləridir".