"Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri qismində çıxış etdi. Bu, dövlət başçımızın BMT-də sayca 6-cı çıxışı idi. Bu çıxışda da Azərbaycan Prezidenti bir daha dünyanın diqqətini Ermənistanın təcavüzkar ritorikasına, törətdiyi təxribatlara yönəldərək BMT-ni və beynəlxalq ictimaiyyəti işğalçı ölkənin növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etdi".
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
"Bu çağırışa qədər də beynəlxalq ictimaiyyət Ermənistanın işğalçı mahiyyətini gördü. Belə ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır sentyabrın 14-də xüsusi sessiyanın da prezidenti seçilib və mövcud təcrübəyə əsasən, adətən sessiyaların sədrinin seçilməsinə dair prosedur xarakterli qərarlar ümumi razılıq əsasında verilir. Ermənistan bu dəfə də BMT müstəvisində öz destruktiv mahiyyətini gizlədə bilmədi. İşğalçı ölkə bütün mümkün vasitələrlə xüsusi sessiyaya, Azərbaycan və Türkiyəyə zərbə vurmaq məqsədilə Volkan Bozkırın sədr seçilməsini səsverməyə çıxardı. Məsələ burasındadır ki, bundan əvvəl Ermənistan Volkan Bozkırın BMT Baş Assambleyasının prezidenti seçilməsi məsələsini də səsverməyə çıxarmış və məğlub olmuşdur. İşğalçı ölkənin bu dəfəki pozucu cəhdi də iflasa uğradı. Dünya dövlətlərinin pandemiya ilə mübarizə apardığı bir vaxtda Ermənistanın bu pozucu fəaliyyəti işğalçının əsl mahiyyətini ortaya qoyur. Aydın olur ki, Ermənistan bütün məsələlərə, hətta pandemiya kimi qlobal problemə belə öz dar düşüncə və “məntiqi” prizmasından baxır. BMT səviyyəsində müzakirəyə çıxarılan məsələlərə qarşı çıxmaqla Ermənistan tamhüquqlu üzv kimi yox, tipik forpost davranışı sərgiləyir. Ermənistan eyni davranış və qeyri-sağlam yanaşmanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də nümayiş etdirir. Bütün vasitələrlə regionda sabitliyin bərpasına mane olan Ermənistan bu dəfə də pandemiya ilə mübarizədə effektiv nəticə və ya pozitiv dinamika əldə etməyə mane olur. Ermənistan bu məsələdə də öz çirkin siyasətindən əl çəkməyərək Azərbaycana qarşı çıxmaq və xüsusi sessiyanın çəkisini azaltmaq üçün qaydalara dair qətnamə layihəsindən “dövlət və hökumət başçıları səviyyəsində” ifadəsini çıxarmağa cəhd göstərir. Bütün dünya öz imkanlarını pandemiya ilə mübarizə istiqamətində səfərbər etdiyi halda, Ermənistan Azərbaycanın artıq BMT tərəfindən qəbul edilmiş təşəbbüsünə qarşı çıxmaqla bəsit mahiyyətini gizlədə bilmir. Ən vacib məqam budur ki, bu hadisə beynəlxalq ictimaiyyət, BMT-yə üzv dövlətlərin gözü qarşısında baş verir. Beləliklə, beynəlxalq ictimaiyyət növbəti dəfə Ermənistanı qlobal təhlükə qismində görmüş oldu. Azərbaycan Prezidentinin çağırışı isə dünya ictimaiyyətini qlobal təhlükəyə qarşı birgə mübarizə aparmaq üçün imkanları səfər etməyin vacibliyini bir daha gündəmə gətirdi", - Könül Nurullayeva vurğulayıb.