“Mən Türkmənistan-Azərbaycan münasibətlərinin vəziyyətini bütövlükdə çox yüksək qiymətləndirirəm, ikitərəfli qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd etmək istəyirəm”.
“Report” xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında keçirilən görüşdə bildirib.
“Ölkələrimizin və xalqlarımızın həyatında həqiqətən əlamətdar olan bu hadisə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənib. Uzun illər ərzində Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi ən geniş istiqamətlər spektri üzrə münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər. Qeyd etmək lazımdır ki, ikitərəfli səmərəli əlaqələrin əsasını ən yüksək dövlət səviyyəsində qurulan açıq, konstruktiv və səmimi siyasi dialoq təşkil edir. Sizinlə mütəmadi görüşlərimizin gedişində siyasi-diplomatik, ticari-iqtisadi, mədəni-humanitar və sair sahələrdə ikitərəfli tərəfdaşlığa dair mühüm mövzular müzakirə edilir. Sözsüz ki, belə əlaqələrin nəticələri iki dövlətin hökumət və xarici siyasət idarələrinin sonrakı fəaliyyətinin predmetinə çevrilir. Mən bu kontekstdə Türkmənistanın və Azərbaycanın dövlət strukturlarının, yəni Prezidentlər səviyyəsində əldə olunan razılaşmaların icrasına məsuliyyət daşıyan qurumların fəaliyyətinin aktivləşdirilməsini məmnuniyyətlə qeyd etmək istərdim. Bu, öz növbəsində, hər iki tərəfi Türkmənistan-Azərbaycan əməkdaşlığında böyük potensial imkanlardan istifadəyə yönəlmiş yeni ideyaların və təşəbbüslərin axtarılmasına və icrasına stimullaşdırmalıdır. İmzalanmış Memorandumun əhəmiyyəti məsələsinə qayıdaraq, Sizin diqqətinizi bir daha ona yönəltmək istərdim ki, bu sənəd strateji istiqamətdə - enerji sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığında prinsipcə yeni mərhələ açır. Bunun üçün zəruri olan hər şey - həm siyasi iradə, həm texniki və texnoloji təchizatın yüksək səviyyəsi, yüksək ixtisaslı kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi var. Lakin Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni əsrlərboyu türkmən və Azərbaycan xalqlarında mövcud olan möhkəm qardaşlıq telləridir. Burada Xəzər regionunda möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraiti yaradılmasına Türkmənistanın və Azərbaycanın töhfəsini və səyini xüsusi vurğulamaq istəyirəm. Məhz bizim iki ölkənin yüksək siyasi və diplomatik fəallığı nəticəsində son onilliklərdə Xəzəryanı dövlətlərin mütəmadi əsasda Zirvə görüşlərinin və digər yüksək forumlarının keçirilməsi mümkün olub, Xəzəryanı ölkələrin indiki və gələcək tələblərinə cavab verən, Xəzər dənizində təhlükəsizlik, iqtisadiyyat və ekologiya kimi mühüm sahələrdə çoxtərəfli qarşılıqlı fəaliyyətin əsas parametrlərini müəyyən edən beynəlxalq hüquqi baza yaradılıb. Fikrimcə, bu, çox cəhətdən Türkmənistan ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın yüksək səviyyəsi və Xəzər problemlərinə aid bütün məsələlərin həllinə bizim yanaşmalarımızın ümumiliyi sayəsində mümkün olub”, - Türkmənistan prezidenti qeyd edib.