Belçikanın Vaterlo şəhərində Xocalı şəhidləri anılıb

Belçikanın Vaterlo şəhərində Xocalı şəhidləri anılıb Xurşidbanu Natavanın abidəsi önündə anım tədbiri keçirilib
Xarici siyasət
26 Fevral , 2016 22:19
Belçikanın Vaterlo şəhərində Xocalı şəhidləri anılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Belçikanın Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın abidəsi önündə Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Azərbaycanın Belçikadakı səfirliyindən “Report”a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim 26 fevral gününün Azərbaycan tarixinə dərin hüzn günü kimi qara hərflərlə yazıldığını və 24 il öncə şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirib, habelə bu anım tədbirinin Qarabağ şahzadəsi Xurşidbanu Natavanın abidəsi önündə qeyd olunmasının rəmzi məna kəsb etdiyini önə çəkib.

Daha sonra çıxış edən Azərbaycan diasporunun nümayəndəsi Xəqani Qayıblı xalqımızın Xocalı soyqırımını heç vaxt unutmayacağını, Xurşidbanu Natavanın həyatında və yaradıcılığında özünü qabarıq göstərən kədər və nisgil duyğularının bu gün anılan faciə ilə bağlı keçirdiyimiz hisslərlə uyarlıq təşkil etdiyini söyləyib.

Sonda tədbir iştirakçıları abidənin önünə əklil və gül dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi