Səfir: “Belçika şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”

Səfir: “Belçika şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır” Səfir: “Belçika şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”
Xarici siyasət
25 Oktyabr , 2021 14:50
Səfir: “Belçika şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”
Mişel Pitermans

Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermansın “Report” agentliyinə müsahibəsi:

- Belçika ilə Azərbaycan arasındakı əməkdaşlığın prioritet sahələri hansılardır?

- Belçika və Azərbaycan müxtəlif səviyyələrdə davamlı rəsmi əlaqələr saxlayır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2020-ci ilin dekabrında belçikalı həmkarı, baş nazirin müavini və xarici işlər naziri Sofi Vilmes ilə görüşüb. Həmçinin, bir qayda olaraq, iki ildən bir nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçirilir. Son məsləhətləşmələr 2018-ci ilin may ayında Bakıda keçirilib. Təəssüf ki, pandemiya üzbəüz görüşlər təşkil etmək imkanını məhdudlaşdırıb, lakin ümid edirəm ki, növbəti məsləhətləşməni tezliklə planlaşdıra bilərik. 2021-ci ilin avqustunda Bakıya gəldiyim vaxtdan bəri parlament dialoqunun intensivləşdiyini də görürəm: Belçika parlamentinin hər iki palatasının sədri - xanım Elian Tilye (Nümayəndələr Palatası) və xanım Stefani D'Oz (Senat) azərbaycanlı həmkarları olan xanım Sahibə Qafarova ilə görüşüblər.

Oktyabrın 1-də Brüsseldə Belçika və Azərbaycanın parlamentlərarası dostluq qrupu sədrlərinin görüşü də keçirildi.

Belçika Avropa İttifaqı üzvlüyünə də böyük əhəmiyyət verir. Bildiyiniz kimi, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti Brüsseldə yerləşir. Səfirliyimiz Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi ilə sıx koordinasiyada, “Avropa komandası” adlandırdığımız ruhda işləyir.

Vurğulamaq istərdim ki, Aİ-yə üzv dövlətlər ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsi əsasən Aİ ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və “Şərq Tərəfdaşlığı” proqramı kimi Aİ qanunvericiliyi və siyasəti ilə müəyyən edilir. Hazırda Aİ ilə Azərbaycan arasında yeni, daha iddialı ikitərəfli saziş üzərində danışıqlar aparılır və ümid edirik ki, onları yaxın aylarda başa çatdırmaq mümkün olacaq.

Səfirliyin rolu həm də insanlar arasında əlaqələri təşviq etmək və asanlaşdırmaqdır. Belçika universitetləri xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələri cəlb etməyə çalışır. Belçikada təhsil yüksək keyfiyyətlə yanaşı, müxtəlif mədəniyyətlərə malik insanlarla tanış olmaq imkanı verir. Üstəlik, təhsil haqqı əlverişlidir. Səfirlik universitetlərimizin keçmiş tələbələri ilə əlaqə saxlayır və hazırda təxminən 60 nəfəri əhatə edən məzun şəbəkəsi yaradıb. COVID-19 ilə bağlı vəziyyət imkan verərsə, dekabr ayında məzun şəbəkəmiz üçün qəbul təşkil etməyi planlaşdırıram. ADA Universiteti ilə Belçikanın müxtəlif institutları arasında əməkdaşlıq da yaxşı qurulub.

Əməkdaşlığımız mədəniyyət sahəsini də əhatə edir. Ümid edirik ki, gələn il ikitərəfli münasibətlərimizin 30 illiyini qeyd etmək üçün mədəni tədbirlər təşkil edə biləcəyik. Bu il “Bakı frankofonları” ilə əməkdaşlıq şəklində “Wallonie Bruxelles International”dan (regional mədəniyyət departamentlərimizdən biridir) götürülmüş Belçikanın komediya filmini nümayiş etdirməyi planlaşdırıram. Film orijinal dildə, ancaq Azərbaycan altyazıları ilə nümayiş olunacaq.

Belçika şirkətləri Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Məsələn, “Besix” tikinti şirkəti ARDNF-in mənzil-qərargahını tikib. Açılışı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2015-ci ilin noyabrında edilən Naxçıvandakı 20 meqavat gecə malik günəş elektrik stansiyası Belçikanın “Soltech” şirkəti tərəfindən quraşdırılıb.

Ötən həftə ziyarət etdiyim Bakı limanı ilə Antverpen limanı 2016-cı ildə imzalanmış və 2021-ci ildə uzadılmış anlaşma memorandumu ilə bir-birinə bağlıdır. Bu çərçivədə kurslar və təlimlər təşkil olunur. Dünyanın aparıcı dəniz limanlarından biri olan Antverpen liman idarəçiliyində və ətraf mühitin yaxşılaşdırılmasında paylaşmaq üçün zəngin bilik və təcrübəyə malikdir.

İqtisadi əməkdaşlığın başqa nümunələri də var, bəzən çox spesifik sektorlarda da əməkdaşlıq olur.

Satış nümayəndələrimizin İstanbulda təşkil etdiyi ticarət missiyasının gələn il keçirilməsi planlaşdırılır. Belçika şirkətlərinin energetika sektorunda, o cümlədən bərpa olunan enerji sahəsində, eləcə də ətraf mühit, səhiyyə, logistika, kənd təsərrüfatı, su təmizləmə, yeni texnologiyalar və s. sahələrdə təklif edəcəyi çox şey var.

- Azərbaycanın energetika naziri Pərviz Şahbazovun daha əvvəl dediyi kimi, Belçika şirkətlərinin Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə tenderlərində iştirakı yeni əməkdaşlıq imkanları yaradacaq. Səfirlik bu imkanlara necə yardım edir?

- Kiçik səfirlik olaraq vəzifəmiz qanunvericilik bazası, investisiya mühiti və ticarət qaydaları, yəni Azərbaycanda xarici biznesə bu və ya digər şəkildə təsir edən bütün elementlər haqqında mümkün qədər çox məlumat toplamaqdır. Xarici şirkətlərə açıq olan tenderlər haqqında məlumatlar da daxil olmaqla, bu mövzuda təqdim olunan bütün elementlərə görə çox minnətdarıq. Bu, həm enerji sektoru, həm də digər sektorlar üçün ədalətlidir.

Biz eyni zamanda, şirkətlərimizə, xüsusən də kiçik və orta sahibkarlıq nümayəndələrinə Azərbaycanda bazar imkanlarını müəyyənləşdirməkdə kömək etməliyik.

- Belçikanın “Fluxys” şirkəti Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Boru Kəmərində (TAP) 19 faiz paya sahibdir. Sizcə, Cənub Qaz Dəhlizinin işə salınması iki ölkə arasında enerji əməkdaşlığına necə təsir edib?

- Cənub Qaz Dəhlizindən qaz birbaşa Belçikaya ötürülməsə də, bu qaz dəhlizinin Azərbaycandan (və ola bilsin ki, gələcəkdə Türkmənistandan) Avropaya qaz ixracı baxımından böyük əhəmiyyəti var.

Bu dəhliz qaz bazarına və hazırda çox yüksək olan qiymətlərə təsir edəcək. Təbii ki, Belçika bu layihədə maraqlıdır.

- Qarabağın bərpası prosesində Belçika şirkətlərinin iştirakını gözləmək olarmı?

- Bir sıra Belçika şirkətlərindən müsbət siqnallar almışıq. Məlumat əsas elementdir. Belçika şirkətləri ehtiyacları bildikdə, şübhəsiz ki, maraqlanacaqlar.

Bərpa üçün maneələrdən biri minaların və digər partlamamış hərbi sursatların olmasıdır. Belçika minalardan təmizlənmə aksiyalarının qəti tərəfdarıdır. 1996-cı ildə piyada əleyhinə minaları qadağan edən ilk ölkə olaraq bu silahların qadağan edilməsi uğrunda mübarizədə novator rolu oynamışıq və 1997-ci ildə Piyada Əleyhinə Mina Qadağası Konvensiyasının qəbul edilməsinə əhəmiyyətli töhfə vermişik. Bu silah növündən ən çox insanlar əziyyət çəkir. Onlar münaqişənin bitməsindən çox sonralar da yaralanmaq və ya ölmək riski altında olurlar. 2006-2009-cu illər arasında Ottava Konvensiyasının iclaslarının iştirakçısı olaraq dünyanın müxtəlif yerlərində bu silahların qurbanı olan insanlarla görüşmüşdüm. Onların cəsarətinə heyran oldum. Ümid edirəm ki, bu silah artıq istifadə olunmayacaq: o, görünməzdir və güclü yağış və ya digər təbii hadisələr nəticəsində hərəkət edə bilər. Nəticədə onların əslində harada olduğunu bilmək çox çətindir.

- Belçikanın Azərbaycandakı yeni səfiri kimi prioritetləriniz nədir? Hansı addımları atmaq niyyətindəsiniz?

- Səfir kimi missiyam çoxşaxəlidir, amma mərkəzdə “insan amili”ni qabardardım. İnsanlarla görüşmək, şəxsiyyətlərarası münasibətləri inkişaf etdirmək lazımdır. Belçika səfiri olaraq ölkəmin maraqlarına xidmət edirəm və Azərbaycanda səfir olaraq isə qarşılıqlı maraq doğuran məsələləri müəyyən edərək yaşadığım ölkəyə də faydalı olmağa çalışıram.

Son xəbərlər

Orphus sistemi