30 ilə yaxın müddət ərzində fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsini həll etmək üçün mexanizm ərsəyə gətirə bilmədi. Bütövlükdə bu kimi siyasi və diplomatik mexanizmlər işləmir.
Bunu münaqişədən sonrakı dövrdə ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair “Report”un sualına cavab verən belaruslu politoloq, Siyasi Təhlil və Proqnoz Mərkəzinin (CEAPP) rəhbəri Pavel Usov bildirib.
“Dağlıq Qarabağdakı birinci müharibə dövründə yaradılmış ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün siyasi mexanizmlər yaratmalı olsa da, bu münaqişə 30 ilə yaxın müddət ərzində dondurulmuş, yarı açıq vəziyyətdə qaldı. Nəhayət, hansısa mexanizmlər ortaya qoyulmaması və tətbiq olunmaması üzündən münaqişə həll olunmadı və lap bu yaxınlarda başa çatmış ikinci mərhələsi başladı. Bu gün Ukraynanın şərqində baş verənlərə baxsaq, hazırda bütün bu siyasi, diplomatik mexanizmlərin postsovet regionunda işləmədiyini görərik. Hətta bu cür mexanizmlər hazırlansa belə, onları tətbiq edəcək dövlətlər, yaxud beynəlxalq təşkilatlar yoxdur. Yəni münaqişələrin həlli üçün beynəlxalq səviyyədə siyasi iradə yoxdursa, hər hansı danışıqlar, platformlar mənasızdır”, - politoloq qeyd edib.
Prezident Aleksandr Lukaşenkonun Azərbaycana son işgüzar səfərini şərh edən ekspert Belarusdakı seçkilərdən əvvəl bu ölkənin Azərbaycanla həm iqtisadi, həm də hərbi strateji əlaqələrinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb:
“Azərbaycan alternativ neft tədarükü mənbələrindən biri olub. Seçkilərə az qalmış Rusiya ilə aramızdakı gərginliyə görə bu ölkəyə alternativ olaraq Azərbaycandan 80 min ton neft idxalına dair sazişlər imzalanmışdı. Odur ki, Azərbaycan Belarus üçün perspektivli istiqamətlərdən biri hesab olunub”, - deyən politoloq sanksiyalardan əziyyət çəkən Belarusun başqa ölkələrlə iqtisadi əməkdaşlığı genişləndirməsi baxımdan Azərbaycanla əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını qeyd edib.