Batumidə AXC-nin yaranmasının 100 və Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü geniş qeyd olunub

Batumidə AXC-nin yaranmasının 100 və Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü geniş qeyd olunub Batumi. 15 may. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 və ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
Xarici siyasət
15 May , 2018 01:42
Batumidə AXC-nin yaranmasının 100 və Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü geniş qeyd olunub

Batumi. 15 may. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 və ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Batumidəki Baş konsulluğunun təşkil etdiyi tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze, nazirlər, hökumət rəsmiləri, Türkiyə, İran və digər ölkələrin baş konsul və konsulluq şöbələrinin əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə çıxış edərək AXC-nin yaranması və qısa vaxt ərzində qazandığı uğurlar barədə ətraflı məlumat verib. Bildirib ki, şərqdə ilk dəfə qadınlara seçki hüququ verən AXC ən demokratik dövlət kimi adını tarixə yazdırıb. Diplomat qeyd edib ki, tarixən qonşu olan Gürcüstan və Azərbaycan eyni vaxtda müstəqil dövlət qurublar. İlk müstəqilliyimiz də demək olar ki, eyni vaxtda süqut edib. Buna baxmayaraq hər iki xalq uzun illər keçdikdən sonra yenidən müstəqilliyini bərpa edib və dostluğumuz, qardaşlığımız bundan sonra da inkişaf edib, daha da möhkəmlənib.

Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı ətraflı məlumat verən diplomat deyib ki, dövlət müstəqilliyimizin qorunması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin bərpasının ilk illərində Azərbaycanın çətin böhrandan çıxmasında, möhkəmlənməsində və dünyada tanınmasında ümummilli liderin müstəsna xidmətləri olub. Heydər Əliyev Azərbaycanda milli birlik yaradıb, ölkənin regionda aparıcı dövlətə çevrilməsi üçün mühüm addımlar atıb. Ümummilli liderin siyasi xətti və dövlətçilik irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ulu Öndərin müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Azərbaycan və Gürcüstanən regionda əsas aparıcı dövlətlər olmasına, iqtisadi inkişafına, dünyada mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır.

Azərbaycanın müstəqillik illərində, xüsusən də Prezident İlham Əliyevin hakimiyytədə olduğu dövrdə qazandığı uğurlardan bəhs edən diplomat deyib:

“Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada təkcə neft ölkəsi kimi deyil, həm də idman, multikultrual dəyərlərə malik, tolerant dövlət kimi tanınır”.

“Azərbaycan Prezidentinin, eləcə də, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə Bakıda keçirilən “Avroviziya mahnı müsabiqəsi”, “Bakı-2015” birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları, multikulturalizm və humanitar forumlar buna parlaq nümunədir”, - deyə baş konsul vurğulayıb.

P.İsmayılzadə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına nəzər salıb, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.

Baş konsul, Naxçıvan və Batumi şəhərlərinin qardaşlaşmasını, Azərbaycan və Gürcüstanın bölgələri arasındakı yüksək münasibətlərin bariz nümunəsi olduğunu vurğulayıb.

Sonra Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze çıxış edib.

Azərbaycan xalqını hər iki əlamətdar hadisə münasibətilə təbrik edən Pataradze deyib ki, Azərbaycan ilə Gürcüstan qonşu, dost və qardaş respublikalardır. Azərbaycan xalqı bu günlər ilk müstəqil dövlət qurculuğunun 100 illiyini və dünya şöhrətli siyasi xadim, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü qeyd edir. Biz də bu bayramları azərbaycanlılarla birgə qeyd edirik. Bu bizim dostluğumuzun nümunəsidir.

O deyib: “Bu gün münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Mən əlaqələrimizin bu səviyyəyə çatmasında tarixi şəxsiyyətlərimizin, xüsusən də Heydər Əliyevin adını çəkməyə bilmərəm. Məhz Heydər Əliyevin səyi nəticəsində regionda irimiqyaslı BTC, BTƏ, BTQ kimi layihələr həyata keçirilir. Bu layihələr bizim dövlət müstəqilliyimizin möhkəmlənməsində, iqtisadi, mədəni, humanitar sahələrdə inkişafımıza töhfələr verir”.

Hökumət başçısı daha sonra regionda həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən bəhs edib.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib.

Azərbaycanın və Gürcüstanın incəsənət ustaları mərasimdə maraqlı konsert proqramları ilə çıxış ediblər.

Tədbirdən sonra jurnalistlərə müsahibə verən Z.Pataradze deyib: “Azərbaycan Gürcüstan dostluğundan çox danışmaq olar. Bəzi görkəmli şəxslər ölkələrimizin qarşılıqlı, siyasi, mədəni və iqtisadi əlaqələrinin inkişafından çox böyük işlər görüblər. Qeyd etməliyəm ki, bütün nailiyyətlərimizin səbəbi Heydər Əliyevdir. O bizim ölkələrimiz arasındakı əlaqələrin inkişafında çox böyük işlər görüb. Bu gün də ölkələrimiz arasındakı siyasi münasibətlər dinamik inkişaf edir. Bugünkü bayram tədbirində hər iki ölkənin incəsənət ustaları bir daha göstərdilər ki, biz təkcə iqtisadiyyatda deyil, musiqi sahəsində də çox bağlıyıq”.

Hökumət başçısı Batumidə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rolunu da yüksək qiymətləndirib.

Acarıstan MR Təhsil, Mədəniyyət və İdman naziri İnqa Şamilişvili jurnalistlərə müsahibəsində deyib:

“Bu gün biz azərbaycanlılarla birlikdə iki böyük bayramı qeyd edirik. Acarıstan hökuməti və acar xalqı adından bütün Azərbaycan xalqının təbrik edirəm. Bizim təhsil, turizm, idman və iqtisadi sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Biz bu münasibətləri daha da genişləndirmək niyyətindəyik. İnanıram ki, xalqlarımız arasındakı dostluq əlaqələri daha geniş formada inkişaf edəcək”.

İran İslam Respublikasının batumidəki Baş konsulu Ahmad Badpa da Azərbaycan xalqını təbrik edib.

Diplomat deyib: “Azərbaycan bizim yaxın qonşumuz və dostumuzdur. Bu gün Batumidə belə bir tədbirin keçirilməsindən və burada iştirakımızdan çox məmnunam. Müstəqil Azərbaycan dünyada tanınan və öz sözünü deyən ölkədir. Azərbaycanın belə qüdrətli ölkə olmasında Heydər Əliyevin rolu çox böyükdür. Belə bir tarixi şəxsiyyətin yubileyində iştirakdan çox məmnunam. İnanıram ki, bizim qadaşlıq və dostluq əlaqələrimiz bundan sonra da bütün sahələrdə inkişaf edəcək və biz birlikdə çox böyük işlər görəcəyik”.

Son xəbərlər

Orphus sistemi