"Regionda baş verən cinayətkarlığın dəyişən xarakteri ətraflı təhlil olunub, ortaq mübarizə yolları araşdırılır".
Bu fikirləri "Report"un Ankara bürosuna Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının 2-ci toplantısından sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib.
Bu qurumun keçən il noyabrın 1-də Bakıda yaradıldığını vurğulayan Baş prokuror deyib ki, bu müddət ərzində TDT-yə üzv ölkələrin gənc prokurorluq əməkdaşları arasında sıx təmaslar qurulub: "Bu tədbirdə də gələcəkdə cinayətkarlığa qarşı mübarizə yolları bu regionda təhlükəsizliyin təmin edilməsi, sülhün bərqərar olunması, insan hüquq və azadlıqlarının təmin olunması baxımından çox mühüm təkliflər verildi. Bu təkliflər realizə edilib zaman-zaman tətbiq olunacaq".
Qeyd edək ki, bu gün TDT-yə üzv ölkələrin Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi Şimali Kipr Türk Respublikasının Baş Prokurorları Ankarada toplantı keçiriblər. Müzakirələrdən sonra birgə bəyanat imzalanıb. Oktyabrın 26-dək davam edən tədbir çərçivəsində TDT baş prokurorları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək və Türkiyə Prokurorluğunda müxtəlif görüşlər keçiriləcək.