Baş nazir: Azərbaycanda gələn il MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirləri keçiriləcək

Baş nazir: Azərbaycanda gələn il MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirləri keçiriləcək Azərbaycanda 2025-ci ildə MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirlərinin keçirilməsi planlaşdırılır.
Xarici siyasət
12 Dekabr , 2024 12:49
Baş nazir: Azərbaycanda gələn il MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirləri keçiriləcək

Azərbaycanda 2025-ci ildə MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirlərinin keçirilməsi planlaşdırılır.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu tədbirlərin keçirilməsinə fəal hazırlaşır.

"Biz "Birliyin Mədəniyyət Paytaxtları" dövlətlərarası proqramı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Məlum olduğu kimi, Dövlət Başçıları Şurasının bu ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Laçın şəhəri 2025-ci ildə Birliyin Mədəniyyət Paytaxtı elan edilib", - Baş nazir bildirib.

O qeyd edib ki, gələn il Azərbaycanda III MDB Oyunları keçiriləcək: "Məlum olduğu kimi, Gəncə şəhəri MDB-nin İdman Paytaxtı olacaq. Əminik ki, idman paytaxtı statusunun verilməsi şəhərin idman potensialını üzə çıxaracaq və idman turizminin inkişafı üçün əlverişli şərait yaradacaq".

Ə.Əsədov vurğulayıb ki, bugünkü iclasın gündəliyi müxtəlif əməkdaşlıq istiqamətləri üzrə təxminən 20 məsələni əhatə edir:

"Buraya iqtisadi, nəqliyyat və humanitar sahələr, həmçinin Birliyin fəaliyyətinə aid maliyyə və büdcə məsələləri daxildir. Görüş çərçivəsində 2025-2026-cı illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər Planının təsdiqlənməsi nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi