Baş konsul: "Azərbaycan və Sankt-Peterburqun əməkdaşlıq üçün konkret perspektivli layihələri var" - MÜSAHİBƏ

Baş konsul: "Azərbaycan və Sankt-Peterburqun əməkdaşlıq üçün konkret perspektivli layihələri var" - MÜSAHİBƏ "Sankt-Peterburqda işlədiyim bir il ərzində anladım ki, Azərbaycan diasporu şəhərdə ən güclüsüdür"
Xarici siyasət
8 İyun , 2017 15:39
Baş konsul: Azərbaycan və Sankt-Peterburqun əməkdaşlıq üçün konkret perspektivli layihələri var - MÜSAHİBƏ
Report.az

Sankt-Peterburq. 8 iyun. REPORT.AZ/ Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovun "Report" İnformasiya Agentliyinə eksklüziv müsahibəsi:

- Azərbaycan və Sankt-Peterburq arasında əməkdaşlıq necə inkişaf edir? Bu istiqamətdə baş konsulluq hansı addımları atır?

- Baş Konsulluğun mühüm vəzifəsi Sankt-Peterburq və Leninqrad vilayəti ilə Azərbaycan arasında əlaqələri möhkəmləndirmək və daha da inkişaf etdirməkdən ibarətdir. Bu yaxınlarda Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə birlikdə Azərbaycan və Leninqrad vilayəti arasında ikitərəfli əməkdaşlığın inkişafına dair layihə işləyib hazırlamışıq. Bu ilin payızında Leninqrad vilayətindən olan geniş nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Səfər zamanı iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanması nəzərdə tutulur.

Bundan əlavə, biz Rusiya Federasiyasının Şimal-Qərb inzibati dairəsinin digər vilayətləri ilə tanışlığa başlayırıq. Məsələn, iyunun 10-da Kareliya Respublikasının rəhəbəri Artur Parfençikovun dəvəti ilə Petrozavodska işgüzar səfərə gedəcəyik. Həmçinin tezliklə Arxangelsk, Murmansk, Pskov, Novqorod vilayətlərinə və Komi Respublikasına səyahət etmək planlaşdırılır.

- Sankt-Peterburq və Azərbaycan arasında hansı ticarət əlaqələri var və ümumiyyətlə, əməkdaşlığın perspektivləri necədir?

- Qeyd etmək lazımdır ki, Azərbaycan və Sankt-Peterburq arasında ticarət dövriyyəsi istədiyimiz kimi böyük deyil: il ərzində təqribən 70 milyon dollar. Bu ticarət dövriyyəsini artırmaq lazımdır və zəruridir. Özü də əməkdaşlığın çox perspektivli sahələri olarkən. Bu yaxınlarda Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko ilə görüş zamanı konkret məsələlər müzakirə olunub. 

Məsələn, Sankt-Peterburqda gəmiqayırma sənayesi çox yüksək səviyyədə inkişaf edib. Bakının sahillərini də dəniz suyu yuduğundan bizə israrla Azərbaycanda gəmiqayırma zavodu yaratmağı təklif edirlər. Şəhərdə və vilayətdə inkişaf etmiş əczaçılıq sənayesi var. Sankt-Peterburq Administrasiyası onkoloji xəstəliklərə qarşı olan dərman istehsalı üzrə birgə zavodun tikintisi təklifi ilə çıxış edib. Bundan əlavə, şəhər hakimiyyəti turizm seqmentinin inkişafında maraqlıdır və bu, ilk növbədə, gələn il Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı ilə bağlıdır. Bu gün azərbaycanlı sahibkarlara burada hotellərin tikintisinə sərmayə qoymaq təklif olunur. Bütün konkret təkliflər yaxın zamanda Azərbaycanın iqtisadiyyat nazirinə təqdim olunacaq. Bu genişmiqyaslı məsələdir, çünki Sankt-Peterburq Avropaya açılan pəncərədir və Azərbaycan istehsalçıları bundan istifadə etməlidirlər. Bu, bizim üçün mallarımızın Avropaya çatdırılmasının ən sürətli yoludur.

- Baş konsulluq hansı dövlət və ictimai tədbirlərdə iştirak edir?

- Biz şəhərin və vilayətin demək olar, bütün rəsmi tədbirlərində iştirak edirik. Bu yaxınlarda Qələbə günü ilə bağlı növbəti tədbirdə iştirak etmişik. Burada Leninqradın müdafiəsi zamanı həyatını itirən mox sayda azərbaycanlı dəfn olunub.

Yarım il əvvəl Leninqradın müdafiəsinin iştirakçılarının dəfn olunduğu Piskarevskoe qəbiristanlığına gedərkən Azərbaycan əsgərlərinə həsr olunmuş barelyefin dəhşətli vəziyyətdə olduğunu gördüm. Şəhər, vilayət rəhbərliyinə müraciət etdim və onlar istəyimizə diqqətlə, anlayışla yanaşdılar. Yeni barelyefi bu il mayın 8-də - Qələbə günü ərəfəsində quraşdırdılar. Bunu Sankt-Peterburqda fəaliyyət göstərdiyimi bir il ərzində əsas nailiyyətlərdən biri hesab edirəm.

- Baş konsulluq Azərbaycanın diaspor təşkilatları ilə nə kimi işlər görür?

- Sankt-Peterburqda işlədiyim bir il ərzində anladım ki, Azərbaycan diasporu şəhərdə ən güclüsüdür. Bu, vahid, çoxsaylı və effektiv icmadır. Şəhərdə və vilayətdə 350 mindən çox azərbaycanlı yaşayır. İndi baş konsulluq və diaspor qurumları arasında heç bir fikir ayrılığı yoxdur.

İlk gündən etibarən hamını bir araya topladım ki, necə qarşılıqlı əməkdaşlıq edəcəyimizi müəyyənləşdirək. Azərbaycanlıların müxtəlif diaspor strukturları arasında müəyyən fikir ayrılıqlarının olduğu vaxtlar var idi. İndi də başqaları ilə əməkdaşlıq etmək istəməyən 3-4 təşkilat var. Amma mən güclü bir təşkilatın tərəfdarıyam. Bu gün belə təşkilat tanınmış iş adamı Vaqif Məmişovun rəhbərlik etdiyi Sankt-Peterburqun Azərbaycan Milli-Mədəni Muxtariyyətidir (AMMM). Rusiyada iş təcrübəmə əsasən, deyə bilərəm ki, bu, azərbaycanlıların ölkədə mövcud olan ən güclü regional təşkilatıdır. Eyni zamanda, İdris Qəhrəmanovun rəhbərlik etdiyi "Azərbaycanın Dostları Cəmiyyəti"ni də göstərə bilərəm.

Məqsədimiz hamını birləşdirməkdir, birlik olmaqdır. Şəhərin Azərbaycan diasporunun liderləri Prezident İlham Əliyevin dünyadakı bütün azərbaycanlıların yumruq kimi birləşməli olduğuna dair ideyasına sadiqdirlər.

- Rusiya Ali Məhkəməsinin ÜAK-ın ləğvi ilə bağlı qərarı diaspora necə təsir edib?

- Demək olar, təsir etməyib. Amma yenə də xoş olmayan xatirə qalır. Bütün diaspor təşkilatları əvvəlki rejimdə fəaliyyət göstərir. İş üzrə görüşdüyümüz Rusiyanın dövlət rəsmiləri ÜAK ilə bağlı xoşagəlməz vəziyyətin müvəqqəti hal olduğunu deyirlər. Ona görə də bu məsələyə siyasi don geyindirməyin əleyhinəyəm, indi danışıqları hüquqi müstəviyə keçirmək lazımdır. Bu məsələnin yaxın gələcəkdə həll olunacağına ümid edirəm.

- Bəs Sankt-Peterburqda rusiyalılar bütövlükdə azərbaycanlılara, Azərbaycan mədəniyyətinə necə münasibət göstərirlər?

- Əsas vəzifələrimizdən biri mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsidir. Bu sahədə nailiyyətlərinə ehtiyatla yanaşıb, gələcək əməkdaşlığı inkişaf etdirmək lazımdır. Bu məsələdə Heydər Əliyev Fondu çox böyük yardım edir. Rusiyalılar artıq fondun fəaliyyəti haqqında eşidiblər və məmnuniyyətlə onun layihələrinə qoşulurlar. Bir neçə gün əvvəl Sankt-Peterburqda böyük müvəffəqiyyətlə "Abşeron küləyi ilə anadan olanlar. 1960-1980-ci illərin Azərbaycan rəssamları" sərgisi açılıb. Hələ sərginin açılışına qədər onu 200 nəfər ziyarət etmişdi. Bu da sizə rusiyalıların Azərbaycan mədəniyyətinə və Heydər Əliyev Fondunun layihələrinə marağına dair nümunədir. Həmçinin onu qeyd edə bilərəm ki, Azərbaycanın mədəni irsinin təbliği məqsədilə yaxın zamanlarda "Sankt-Peterburq" telekanalında "Azərbaycana gedən yol" adlı verilişlərin nümayişi başlayacaq.

- Bu layihə barədə daha ətraflı məlumat verə bilərsiniz?

- Rusiya və Azərbaycan arasında humanitar, mədəni və turizm əlaqələrini geniş ictimaiyyətə çatdırmaq lazımdır. Bu məqsədlə "Sankt Peterburq" dövlət telekanalının rəhbərliyinə müraciət etdik və onlar bizə güzəştə getdilər. Təvazökarlıqdan uzaq olsa da, bunun Sankt-Peterburqda ilk dəfə olacağını deməliyəm. 

Beləliklə, iyunun 19-dan etibarən "Sankt-Peterburq" telekanalında hər həftə rus dilində Azərbaycana həsr olunmuş veriliş yayımlanacaq. Fürsətdən istifadə edərək, Azərbaycandan olan həmkarlardan gələcək işimizdə istifadə üçün materiallar vermələrini xahiş etmək istərdim. Qeyd edim ki, bənzər proqramların təşkili təcrübəsini hələ Azərbaycanın Yekaterinburqdakı baş konsulu işlədiyim zaman əldə etmişəm. O vaxt uzun müddət yerli telekanalda Azərbaycan haqqında proqram göstərildi. İndi eyni layihəni Sankt-Peterburqda həyata keçirmək niyyətindəyik. Eyni zamanda, "Sankt-Peterburq" telekanalının bəzi verilişlərinin Azərbaycan teleyayım məkanında nümayiş etdirilməsi imkanlarını nəzərdən keçiririk.

Son xəbərlər

Orphus sistemi