"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 10 ildir 14 istiqamət üzrə fəaliyyət göstərir".
Bunu "Report"a açıqlamasında Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov deyib.
"10 il ərzində nazirlər səviyyəsində 60-a yaxın görüş, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələr üzrə işçi qruplarının isə 150-dən çox görüşünü keçirdik. Eyni zamanda bu müddət ərzində müxtəlif sahələrdə 30-a yaxın sənəd imzaladıq", - o bildirib.
Onun sözlərinə görə, Özbəkistanın quruma üzv qəbul edilməsi, eləcə də Türk Şurasında müşahidəçi olan Macarıstanda nümayəndəliyin açılması şuranın uğurları sırasına daxildir.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır.
Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb.
İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub.