"Azərbaycanın milli qurumları ilə birgə ərsəyə gətirilən yeni Fəaliyyət Planı diqqətlə hazırlanıb".
"Report" xəbər verir ki, bu fikirləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qurumun Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimatı zamanı deyib.
Baş katib qeyd edib ki, yanaşmalar ölkələr üzrə spesifik olaraq təqdim edilib: "Əvvəlki fəaliyyət proqramlarında insan hüquqlarının gücləndirilməsi istiqamətində addımlar atılıb. Təcrübə artırılaraq bu sahədə ciddi nailiyyətlər qazanılıb. Yeni qanunların qəbulu və icrası həqiqi dəyişiklərə səbəb ola bilir".
M.P.Buriç söyləyib ki, qanunun aliliyi sahəsində də yeniliklər əldə edilib: "Mülki kommersiya və inzibati məsələlərin icrasının Avropa standartlarına uyğunlaşdırılmasına kömək edilib. Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə texniki sənəd hazırlanıb və qəbulu gözlənilir. Birlikdə daha çox nailiyyətlər əldə edəcəyimizə inanırıq".
O xatırladıb ki, Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avro təşkil edir: "Həmin məbləğin 1.1 milyonu artıq təmin edilib".