Baronessa Nikolson: “Böyük Britaniya ilə Azərbaycan arasında son dərəcə güclü əlaqələr qurulub”

Baronessa Nikolson: “Böyük Britaniya ilə Azərbaycan arasında son dərəcə güclü əlaqələr qurulub” Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun “Report”a müsahibəsi:
Xarici siyasət
11 Mart , 2022 16:57
Baronessa Nikolson: “Böyük Britaniya ilə Azərbaycan arasında son dərəcə güclü əlaqələr qurulub”

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun “Report”a müsahibəsi:

- Bu il Azərbaycan və Böyük Britaniya diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Sizcə, bu əməkdaşlığın ən mühüm aspektləri hansılardır?

- Son 30 ildə Böyük Britaniya ilə Azərbaycan arasında son dərəcə güclü əlaqələr qurulub. Bu diapazon fərdi dostluq münasibətlərindən tutmuş Cənub Qaz Dəhlizinin (CQD) üstünlüklərinə qədər uzanır. İndi o (CQD-ni nəzərdə tutur – red.) Avropanın çox sayda ölkəsini enerji resursları ilə təmin edir. Bu, böyük nailiyyətdir, unikaldır.

- Koronavirus pandemiyası ölkələr arasındakı ticarətə necə təsir etdi? Ticarət əlaqələrinin intensivləşdirilməsi üçün hansı işlər görülür?

- Pandemiya zamanı öyrəndik ki, insani münasibətlər yalnız internet, elektron poçt, telefon və məktublar vasitəsilə qurula bilməz. Bu, üz-üzə ünsiyyət olmalıdır. İndi bir-birimizi minlərlə zəngdən daha yaxşı başa düşürük. Düşünürəm ki, pandemiya dövründə bir-birimizi görməyin nə qədər dəyərli olduğunu başa düşdük. Əlbəttə ki, bu, biznes və sənaye sahələrinə böyük təsir göstərdi, hər şeyə təsir etdi, dünyada bütün yaş qruplarından çox sayda insanın həyatına son qoydu.

Müsbət tərəfi odur ki, pandemiya hələ tam bitməsə də, səngiməyə başlayan kimi peyvəndlərin istifadəsi, busterlə vaksinasiya normal həyatın bərpası üçün bizə həqiqətən qapı açdı. İqtisadiyyat dərhal yenidən yüksəlməyə başladı.

Londonda yaşadığım kiçik rayonda - Britaniya Parlamentindən bir qədər aralıda olan məkanda demək olar bütün kiçik mağazalar bağlandı və hamımız heç vaxt normal həyata qayıtmayacağımıza görə kədərlənirdik, amma xeyr. Demək olar hər kəs qapılarını yenidən açmağa, fasadı yenidən rəngləməyə və işə qayıtmağa başladı. Ümid edək ki, COVID qısamüddətli ziyan vurub.

Biznesdə və sənayedə bərpa potensialı o qədər böyükdür ki, mən bu barədə heç narahat deyiləm.

- Böyük Britaniya Azərbaycana qeyri-neft sektorunun inkişafı və bərpa olunan enerji mənbələrinə keçid məsələlərində necə kömək edə bilər?

- Böyük Britaniyada özümüzün də neft və qazımız var, ona görə də bu mənada şanslıyıq. Amma biz inanırıq ki, enerji əldə etməyin başqa yolları da var, ona görə də BP və buradakı digər şirkətlər vasitəsilə, nazirliklərlə birlikdə bərpa olunan enerji üzərində işləyirik. Hesab edirik ki, bunda Azərbaycanla birlikdə bazar lideri ola bilərik. Həyatda yalnız bir enerji mənbəyi yoxdur, onlar çox saydadır. Bizim hər cür təkliflərimiz var, o cümlədən BP-nin hökumətə bərpa olunan enerji ilə bağlı hər cür təklifləri var. Ümid edirəm ki, yeni müqavilələrə görə tezliklə bura qayıdacağam.

- Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına hansı töhfəni verə bilər?

- Bu gün və dünənki görüşlər zamanı burada yeni Britaniya Ticarət Palatasının yaradılmasına kömək etmək, eləcə də ölkələr arasında biznesi necə inkişaf etdirə biləcəyimizi müzakirə etmək üçün nazirlərinizlə görüşmək üçün yaxşı fürsətim oldu. Əlbəttə ki, Londona bizə qonaq gələn sizin iş adamlarınızı görməkdən məmnunuq.

Müəssisələrimizin əksəriyyəti, qəribə də olsa, BP kimi deyil, kiçik və orta biznesin subyektləridir. Bax, əsl güclü tərəflərimiz də buradadır və bu barədə fikirləşsəniz, bütün ölkələrin güclü tərəfləri buradadır. Yalnız bir və ya iki şirkətə bel bağlamaq çox təhlükəlidir. Sərbəst bazar irəliyə doğru yoldur, çünki orada hər növdə, ölçüdə və tipdə şirkətlər var.

Mən həqiqətən buradakı sahibkarlara bizə baş çəkməyi təklif edirəm. Böyük Britaniya səfirliyi buradadır, mən özüm Böyük Britaniyanın Baş nazirinin ticarət elçisiyəm – biz Britaniya şirkətləri ilə əməkdaşlıq qurmaq üçün onlara lazımi görüşlər təşkil edərik.

- Budəfəki səfəriniz zamanı Bakıda hansı görüşlər keçirdiniz və əsas nəticələr nədən ibarətdir?

- Bir sıra rəsmi görüşlərim oldu. Səfərin əvvəlində Prezidentlə görüşdüm (martın 9-da) və biz bizneslə bağlı, iki ölkə arasında biznesin genişləndirilməsi üçün nə edə biləcəyimiz barədə uzun-uzadı müzakirə apardıq.

Həmçinin Birinci vitse-prezidentin ofisində də oldum (martın 10-da), çox xoş görüş oldu. Bizim müzakirə edəcəyimiz çox şey var idi, o cümlədən əvvəllər işğal altında olmuş ərazilərin bərpası və orada baş verənləri. Böyük Britaniyanın təklif edəcəyi çox şey var, məsələn, minalardan təmizləmə sahəsində. Bu məsələdə mütəxəssislərimiz var. Çox yaxşı müzakirələrimiz oldu.

Azərbaycanın iqtisadiyyat və energetika nazirləri ilə də görüşlərim oldu.

Eyni zamanda Bakıda Autizm Sindromlu Uşaqların Reabilitasiya Mərkəzində oldum. Onun yaradılması əla nəticədir. Autizmlə doğulan uşaqların normal və hərtərəfli həyat sürməsinə imkan yaratmaq çox gözəldir.

- Səhiyyə sahəsində əməkdaşlığın perspektivlərini necə görürsünüz?

- Birinci vitse-prezidentlə görüşdə səhiyyə məsələlərini müzakirə etdik.

Dünən biz həmçinin böyük özəl xəstəxanalardan birində olduq. Əvvəlki səfərim zamanı icbari tibbi sığortanın bütün əhaliyə əlçatan olması üçün onun ölkədə necə tətbiq olunduğunu öyrənmişdim.

Son xəbərlər

Orphus sistemi