Bakı. 4 mart. REPORT.AZ/ Bakıda Xəzər məsələləri üzrə Xüsusi İşçi Qrupunun iclası işinə başlayıb.
"Report" xəbər verir ki, iclasda Azərbaycan və İranın xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və İbrahim Rəhimpur, Rusiya prezidentinin MDB iştirakçı dövlətlərlə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, RF XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov, Türkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin rəhbəri Murad Atacanov, Qazaxıstan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova iştirak edirlər.
Görüş zamanı 5 Xəzəryanı dövlətlərin nümayəndələri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya mətninin üzərində işi davam etdirəcəklər.
Qeyd edək ki, Xüsusi İşçi Qrupu növbə ilə "Xəzər beşliyi" ölkələrində toplantılar keçirir. Bu danışıqlar mexanizminin fəaliyyəti bir tərəfdən Xəzər dənizinin yeni hüquqi statusunun müəyyən edilməsi ilə bağlı məsələlərin həllinə, digər tərəfdən isə, beş Xəzəryanı ölkələrin dövlət başçıları və xarici işlər nazirlərinin mütəmadi keçirilən görüşlərinin hazırlanmasına yönəlib.