Azərbaycan xalqı Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə kömək üçün səfərbər olub.
"Report" xəbər verir ki, zəlzələnin üçüncü günündə qardaş köməyinə çatmaq üçün vətəndaşlar yardım toplama məntəqələrinə axın edir.
Belə ki, hazırda humanitar yardımlar əsasən iki məkanda - Heydər Əliyev adına İdman-Konsert Kompleksində və Əl Oyunları sarayında yığılır. Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır.
Zəlzələdən zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkcə, şalvar, əlcək və qalın yun corablara ehtiyacı var. Bundan əlavə çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik ləvazimatları lazımdır.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Foto: Ehtiram Cəbiyev







































