Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans keçirilib - YENİLƏNİB

Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans keçirilib - YENİLƏNİB 2023-cü il dekabrın 5-də Qərbi Azərbaycan İcması tərəfindən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda Bakı şəhərində təşkil edilən beynəlxal
Xarici siyasət
5 Dekabr , 2023 13:36
Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans keçirilib - YENİLƏNİB

2023-cü il dekabrın 5-də Qərbi Azərbaycan İcması tərəfindən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geriqayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda Bakı şəhərində təşkil edilən beynəlxalq konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirin açılışında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Zafer Sırakaya və Efiopiya parlamentinin deputatı, xarici əlaqələr alt-komissiyasının sədri Təvfik Abdullahi Əhməd çıxış ediblər.

Konfransı giriş sözü ilə açan Ə.Ələkbərli beynəlxalq sülh, təhlükəsizlik və ədalətin bərqərar olunmasında əvəzsiz rol oynamış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə bu mötəbər Beynəlxalq Konfransın keçirilməsinin çox əlamətdar hadisə olduğunu vurğulayıb.

Sədr çıxışında Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması, Qərbi Azərbaycan İcması və onun sələfi - 1989-cu ildə təsis edilmiş Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaranma tarixi və fəaliyyəti haqqında məlumat vermişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər mühüm beynəlxalq konvensiyalarla tanınmış olan qayıdış hüququnun İcmanın fəaliyyətinin əsas məqsədini təşkil etdiyini bildirən sədr, bu məqsədə dialoq yolu ilə nail olmaq əzmində olduqlarını bildirib.

Ə.Ələkbərli özünü insan haqlarının carçısı adlandıran bəzi qüvvələrin beynəlxalq hüquqla tanınmış olan qayıdış hüququnun kimə verilib-verilməyəcəyi ilə bağlı özlərinə “səlahiyyət” uydurduqlarına diqqət çəkərək, belə ikili standartlar və ayrı-seçkilik cəhdlərinin yolverilməz olduğunu qeyd edib.

O, Qərbi Azərbaycan İcmasının beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirib. Ermənistandan didərgin salınmış azərbaycanlıların dinc yolla öz evlərinə qayıtmaq tələblərinin Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi qələmə verilməsinin yolverilməz olduğunu qeyd edib. İcmanın sədri qayıdış məsələsi üzrə Ermənistan hökuməti ilə birbaşa dialoqa hazır olduqlarını bir daha bəyan edib və Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırıb.

Sədr Azərbaycan Respublikası hökumətinin sülh və barışıq səylərini təqdir edib və Qərbi Azərbaycan İcmasına göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib.

AK Partinin sədr müavini, TBMM-in üzvü Zəfer Sırakaya bu il 100-cü ildönümü qeyd edilən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə yad edərək, Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərindən söz açıb və bu əlaqələrin bölgədə sülh üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Keçmiş münaqişənin Azərbaycan xalqı üçün ağır humanitar nəticələrini xatırladan natiq, Ermənistandan azərbaycanlılarn qovulmasını və bu ölkədəki Azərbaycan mədəni irsinin dağıdılmasını ürək ağrısı ilə qeyd etmişdir. Z. Sırakaya Ermənistandan qovulmuş azərbaycanlıların İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 13-cü bəndinə uyğun olaraq öz evlərinə qayıtmaq haqqı olduğunu vurğulayıb.

AK Parti sədrinin müavini Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bölgədə davamlı sülh üçün əlverişli imkan yarandığını bildirib. Z.Sırakaya keçmişin ağrılı səhifəsini qapadaraq, gələcəyə baxmaq zamanı gəldiyini qeyd edib və Azərbaycanın sülh səylərinə dəstək ifadə edib.

Efiopiya parlamentinin deputatı, xarici əlaqələr alt-komissiyasının sədri Təvfik Abdullahi Əhməd öz çıxışında beynəlxalq aləmdə köçkünlük problemi, onun səbəbləri və miqyası haqqında düşüncələrini bölüşüb. Qaçqın düşmüş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən natiq, Azərbaycanın məcburi köçkünlərin qayıdışı və reinteqrasiyası sahəsində təcrübəsinin maraq kəsb etdiyini bildirib.

Konfrans Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlər və ictimai-siyasi xadimlərin iştirakı ilə panel müzakirələri formasında öz işini davam etdirir.

Konfransda Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edir.

09:50

Bakıda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans başlayıb.

“Report” xəbər verir ki, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutan tədbirdə 30 ölkədən 100-ə yaxın nümayəndə iştirak edir.

Beynəlxalq konfransda Qərbi azərbaycanlıların ata-baba yurdlarına təhlükəsiz, sülh şəraitində və ləyaqətlə qayıdışı məsələləri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi