Karlayl Korbin: Neokolonializm məsələlərində fəal mövqeyinə görə Azərbaycana minnətdarıq

Xarici siyasət
  • 29 aprel, 2025
  • 11:56
Karlayl Korbin: Neokolonializm məsələlərində fəal mövqeyinə görə Azərbaycana minnətdarıq

Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransında "Qlobal Cənubun yüksəlişi: Bandunq ruhu və suveren gələcək uğrunda mübarizə" mövzusunda panel müzakirəsi keçirilib.

“Report” xəbər verir ki, tədbir iştirakçıları suverenliyin, ədalətin və dayanıqlı inkişafın təşviqində vətəndaş cəmiyyətinin rolunu müzakirə ediblər.

Moderatorlar Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumunun Direktorlar Şurasının üzvü Pərvanə Vəliyeva və idarəetmə məsələləri üzrə beynəlxalq məsləhətçi Karlayl Q. Korbin olub.

P.Vəliyeva giriş nitqində Bandunq konfransının tarixi əhəmiyyəti haqqında qısa məlumat verib. O qeyd edib ki, məhz bu konfrans qlobal dialoq üçün ən vacib platforma olan Qoşulmama Hərəkatının yaradılmasının əsasını qoyub.

"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz daim Bandunq konfransının əsas prinsiplərinə - dövlətlərin suverenliyinin, müstəqilliyinin və bərabərliyinin dəstəklənməsinə əsaslanıb. Biz həmçinin müstəmləkəçiliyin yeni formalarına qarşı mübarizə məsələsini qaldırırdıq. Bundan əlavə, sədrlik dövründə BTQ-nin yaradılmasına təşəbbüs göstərildi. Biz XXI əsrdə müstəmləkəçiliyin davam edən və yaranan formaları ilə bağlı dərindən narahatıq və beynəlxalq ictimaiyyəti onun tam ləğvi üçün səylərini gücləndirməyə çağırırıq", - P.Vəliyeva vurğulayıb.

Karlayl Q. Korbin, öz növbəsində, neokolonializm məsələlərində fəal mövqeyinə görə Azərbaycana minnətdarlığını bildirib. O qeyd edib ki, belə səylər Qlobal Cənubun bir çox ölkələrində əks-səda doğurur.

"Qlobal Cənub QHT Platformasının yaradılması region ölkələrinin beynəlxalq arenada, o cümlədən BMT-də mövqelərinin gücləndirilməsində mühüm addımdır. Bu təşəbbüs qeyri-hökumət təşkilatlarını Cənub-Cənub əməkdaşlığını təşviq etmək və yoxsulluq, iqlim dəyişikliyi, ticarətdə bərabərsizlik və digər problemlər kimi əsas çağırışlara birgə həllər tapmaq üçün birləşdirir”, - o qeyd edib. 

Daha sonra panel müzakirəsi spikerlərinin çıxışları ilə davam edib, onlar Azərbaycanın qlobal təşəbbüslərin irəli sürülməsində və aktual dünya problemlərinin həllində töhfəsini vurğulayıblar.

Təhlükəsizlik və hərbi araşdırmalar üzrə professor, Ərəb Araşdırmalar və Siyasət Tədqiqatları Mərkəzinin (ACRPS) Strateji Tədqiqatlar direktoru Ömər Aşur vurğulayıb ki, Azərbaycan Qlobal Cənubun səsinin dünya arenasında eşidilməsi üçün hər cür səy göstərir. Ö.Aşur, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində görülən işlərə heyranlığını ifadə edib.

BMT mandatlı Sülh Universitetinin (UPEACE) regional nümayəndəsi, Somali Prezidentinin İqtisadi məsələlər üzrə xüsusi məsləhətçisi Mohamed Osman isə Bakıda başladılan və vətəndaş cəmiyyətinin səyləri hesabına ictimai həyatın yaxşılaşdırılmasına yönəlmiş prosesdə daha fəal iştirak etməyə çağırıb.

Zimbabvenin Gənclər səfiri Abiel Elson bildirib ki, COP29 iqlim konfransının uğurla keçirildiyi ölkəyə qayıtmaqdan qürur duyur. O, gənclərin qlobal məsələlərin həllinə cəlb edilməsinin vacibliyini qeyd edib: "Gənclər əsas qərarların qəbulu proseslərinə fəal şəkildə cəlb edilməlidir, bu bütün sahələr üçün prioritet olmalıdır".

Melaneziya Korpus Qrupu Katibliyinin nümayəndəsi Balkonan Riçard isə Qlobal Cənub problemləri, insan hüquqları, iqlim dəyişikliyi və digər məsələlərin qaldırıldığı belə mühüm tədbirin təşkilinə görə Azərbaycana və ölkə hökumətinə minnətdarlığını bildirib.

Komor Adaları Mayot Azadlıq Liqasının prezidenti Mahammoud Mouhiddin öz çıxışında Fransanın ada ərazilərində insan hüquqlarına necə etinasız yanaşdığını və təbii sərvətləri amansızcasına israf etdiyini bildirib. O qeyd edib ki, ada dövlətlərinin sakinləri öz vətənlərində özlərini miqrant kimi hiss edirlər.

Foto: Samirə Həsənova