Bakıda Misirin milli bayramı - İyul İnqilabının 70-ci ildönümü münasibətilə ziyafət təşkil olunub.
"Report" xəbər verir ki, tədbirdə çıxış edən Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid inqilabdan ötən illərdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. O, milli bayramın Azərbaycanla Misir arasında diplomatik münasibətlərin qurulmasının 70-ci ildönümünə təsadüf etdiyini bildirib.
İki ölkə arasında əlaqələrdən danışan səfir qeyd edib ki, Azərbaycan və Misir arasında tarixən səmimi münasibətlər mövcud olub. O, bu ilin fevralında Bakıda İqtisadi, elmi və texniki əməkdaşlıq üzrə hökumətlərarası Birgə Komissiyanın 5-ci iclasının və biznes forumunun keçirildiyini, bununla da Misir-Azərbaycan ikitərəfli münasibətlərinin böyük inkişafının və dinamikasının nümayiş olunduğunu deyib. Həmçinin bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi ilə siyasi məsləhətləşmələr keçirildiyini vurğulayıb.
Diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı istiqamətində əldə edilmiş nailiyyətləri xüsusi qeyd edib. O dövlətimizin başçısının Azərbaycanın xarici əlaqələrini ölkəmizin maraqlarına uyğun idarə etməklə yanaşı, ölkənin daha da müasirləşdirilməsi üçün böyük səylər göstərdiyini bildirib.
Səfir müxtəlif dinlər arasında dinc, yanaşı yaşamanın və tolerantlığın Azərbaycan modelinə heyran olduğunu vurğulayıb, ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Hişam Mohamed Nağı Abdel Həmid Misirin Azərbaycandakı yeni səfiri olaraq ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına kömək etmək üçün Azərbaycan hökuməti ilə lazımi səyləri göstərməyə hazır olduğunu söyləyib.
Sonra çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Misir xalqını və dövlətini əlamətdar bayram münasibətilə təbrik edib. O, dövlətimizin başçısının Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladığını qeyd edib.
Nazir müavini Azərbaycanın Misirlə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verdiyini söyləyib, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib.
İkitərəfli əlaqələrdən danışan F.Rzayev Azərbaycan-Misir diplomatik münasibətlərinin məmnunluq doğurduğunu söyləyib. Ölkələrimiz arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq davam etdiriləcəyinə inamını bildirib.
Nazir müavini diqqətə çatdırıb ki, bu ilin fevralında Azərbaycan-Misir Hökumətlərarası Birgə Komissiyanın 5-ci iclası olub, Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb, ikitərəfli münasibətlər tarixində ilk dəfə olaraq biznes forum keçirilib.
“İyulun 26-da XİN-lər arasında keçirilən məsləhətləşmələr ölkələrimizin əməkdaşlıq əlaqələrinə töhfə verəcək. Bu məsləhətləşmələr iqtisadiyyat, enerji, turizm, tədris və digər mühüm sahələri əhatə edib”, - deyə Fariz Rzayev bildirib.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.