Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna təxminən 2500 iştirakçı, o cümlədən dövlət başçıları, hökumət rəsmiləri, vətəndaş cəmiyyətlərinin nümayəndələri, dini və gənc liderlər gələcək.
"Report" xəbər verir ki, forum iştirakçıları "İnklüziv cəmiyyətlərdə birgə yaşayış: çağırışlar və məqsədləri" mövzusunda fikir mübadiləsi aparacaq.
Forum çərçivəsində 2 plenar və 16 bölmə iclası keçiriləcək. İclaslarda ekspertlər inklüziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizm və marginalizasiyanın qarşısının alınmasına dair mövzuları müzakirə edəcək.
Sessiyalarda Avstraliyanın keçmiş baş naziri Kevin Radd, İspaniyanın sabiq baş naziri Xose Luis Rodriges Sapatero, Fransanın keçmiş baş naziri Dominik de Villpen, Sloveniyanın sabiq prezidenti Danilo Türk, dini lider və İslam alimi şeyx Abdalla bin Baya və ötənlərin məşhur fransız futbolçusu Kristian Karambö iştirak edəcək.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 25-də Bakıda həm də Gənclər forumu keçiriləcək. Forumda dünyanın 110 ölkəsindən təxminən 150 gənc lider iştirak edəcək.