ADA Universitetində İtaliya Dizayn Günü keçirilir.
“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan və İtaliya arasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində möhkəm əməkdaşlığın mövcud olduğunu deyib.
Buna misal kimi o, ADA Universitetinin ərazisində İtaliya-Azərbaycan Universitetinin tikiləcəyini göstərib.
"Bu, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya səfəri zamanı əldə edilmiş razılaşmaların icra edilməsi çərçivəsində baş tutub. Səfər zamanı “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalanıb. Universitetin açılması Azərbaycan-İtaliya əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində daha bir addım olacaq.
Layihənin həyata keçirilməsində ADA Universitetindən başqa İtaliyanın 5 ali təhsil müəssisəsi – Bolonya Universiteti, Milan Universiteti, Turin Politexnik Universiteti, Sapiyentsa Universiteti, LUİS Universiteti iştirak edir", - H.Paşayev bildirib.
İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri öz növbəsində dünya mədəni irsinin 70%-nin ölkəsinin ərazisində yerləşdiyini vurğulayıb: “Bizim üçün dizayn, incəsənət həyatımızın və tariximizin bir hissəsidir. Bu gün biz dizaynın texnolojiliyindən danışacağıq. Bu, qloballaşan dünyada xüsusilə vacibdir. Azərbaycan və İtaliya dizayn sahəsində sinerji yaradır. Bu gün biz italiyan dizaynerlərin və dizayn sahəsində peşəkarların işlərini birləşdirən sərgi nümayiş etdiəcəyik”.