Yuxarı

Əli Həsənov: “Bu gün Azərbaycan beynəlxalq arenada öz prinsipial mövqeyi ilə seçilən nüfuzlu ölkə kimi tanınır” - YENİLƏNİB

Discover Azerbaijan: Baku 2015 Edition kitabının təqdimat mərasimi keçirilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün Bakıda Böyük Britaniyanın "Senate" nəşriyyatının çap etdiyi "Azərbaycanı kəşf et: Bakı 2015 buraxılışı" (Discover Azerbaijan: Baku 2015 Edition") kitabının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, kitab Azərbaycanın müasir inkişafının bütün sahələrini əhatə edərək bunun əsl səlnaməsini yaradıb: "Bu səlanmə ingilis dilində Böyük Britaniyanın standartları əsasında yaradılıb. Bu kitab Azərbacan Prezidenti İlham Əliyevin müsahibəsi ilə başlayır. Prezidentin müsahibəsində Azərbaycanın müasir inkişafının demək olar ki, bütün sahələri yığcam formada təqdim olunub. Dövlət başçısı Azərbaycanın keçən 20 ildə əldə etdiyi naliyyətlər, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı, biznes mühiti, müasir cəmiyyət quruculuğu, Azərbaycan xalqının milli-mənəvi, mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, Azərbaycanın idman tarixində və Avropada idmanın inkişafında birinci Avropa Oyunlarının rolu və digər məsələlər haqqında öz fikirlərini bildirib”. Ə.Həsənov deyib ki, kitabda əks olunmuş materiallarda Azərbaycanın müstəqillik illərində ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyasının uğurla reallaşdırılması, həyata keçirilən mühüm transmilli enerji layihələrinin regionun inkiafında, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyəti geniş formada təhlil olunub. O vurğulayıb ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil inkişafı üçün mühüm əhəmiyyət daşıyıb, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi transmilli layihələrin həyata keçirilməsi ölkənin enerji resurslarının dünya bazarına çıxarılmasında, respublikanın inkişafında və beynəlxalq iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsində müstəsna rol oynayıb.

Ə.Həsənov qeyd edib ki, kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 12 ildə həyata keçirilən siyasət, müasir cəmiyyət quruculuğu, ölkədə sosial, iqtisadi və mədəni infrastrukturların qabaqcıl dünya standartları səviyyəsində yenidən qurulması barədə geniş məlumat öz əksini tapıb. O həmçinin əlavə edib ki, bu gün Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyərli töhfə verən nüfuzlu ölkə kimi tanınır: “Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Azərbaycanı bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanıyırlar. Azərbaycan regionun mərkəzi ölkəsinə çevrilib və müxtəlif sahələrdə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib. Son 10 ildə Azərbaycanda iqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluğun səviyyəsi 5 faizə enib, sosial və iqtisadi infrastruktur yenidən qurulub, əhalinin rifahı əsaslı şəkildə yüksəldilib. İqtisadiyyatın qeyri-neft sektorunda hər il orta hesabla 9-10 faiz artım müşahidə olunur. Son bir neçə ildə ümumi daxili məhsulun istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 50 faizdən çox olub, 2015-ci ilin birinci yarısında isə bu rəqəm 70 faizə çatıb. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirildiyini və neft amilindən asılılığının getdikcə aşağı salındığını göstərir. Azərbaycan bölgədə nəqliyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır və artıq regionun nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib”.

Ə.Həsənov əlavə edib ki, Avropa Oyunlarının ən yüksək standartları məhz Azərbaycanda təsis olunub. O bildirib ki, bu gün Bakı öz xarici görünüşü, müasir sosial və mədəni infrastrukturu baxımından dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə çatıb: “Azərbaycan regionlarında turizm infrastrukturu inkişaf etdirilib. Bütün bu söylədiklərim və söyləmədiklərim, Azərbaycanın müasir inkişafını əks etdirən səhnələr təqdimatına yığışdığımız bu kitabda öz əksini tapıb”.

Təqdimatda çıxış edən layihənin rəhbəri SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib ki, kitab dünya idman tarixində ilk dəfə keçirilmiş "Bakı-2015" Birinci Avropa Oyunlarına həsr olunub. Kitabda Birinci Avropa Oyunlarının gündəlik icmalı,yarışlar və bu yarışların keçirildiyi arenalar haqqında ətraflı məlumatlarla yanaşı, Azərbaycanən zəngin tarixi, mədəniyyyi, mətbəxi, musiqisi, təbiəti haqqında oxuculara məlumatlar çatıdırılır. O qeyd edib ki, ingilis dilində nəşr olunmuş kitab yalnız Birinci Avropa Oyunlarının deyil, bütünlüklə Azərbaycanın xaricdə təbliğatı işimə mühüm töhfə verəcək. O bildirib ki, kitabın 2016-ci il martın 10-da Böük Britaniyanın London şəhərində növbəti təqdimatının keçirilməsi nəzərdə tutulur.  

*** 13:21

Təqdimat mərasimində çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev dövlət başçısı İlham Əliyevin Azərbaycan və bütün Avropa ölkələri üçün tarixi hadisə olmuş I Avropa Oyunlarının nəticələri barədə söylədiyi fikirlərə diqqəti yönəldərək, hazırda Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlardan söz açıb.

Birinci Avropa Oyunlarının Azərbaycanın bir idman ölkəsinə çevrildiyini bütün dünyaya nümayiş etdirdiyini söyləyən R.Abdullayev bu möhtəşəm idman bayramına neftçilərin böyük töhfələr verdiklərini vurğulayıb. O, SOCAR-ın I Avropa Oyunlarının baş sponsoru olaraq idman qurğularının inşasında, Bakıda aparılan geniş abadlıq və quruculuq prosesində yaxından iştirak etdiyini bildirib.

"Ən böyük töhfəmiz isə heç şübhəsiz, Bakı Olimpiya Stadionunun tikilib istifadəyə verilməsi olub. Bakı Olimpiya Stadionu inşaat sahəsində böyük beynəlxalq nüfuza malik ekspertlər tərəfindən 2015-ci il üzrə idman qurğuları kateqoriyasında dünyada ilin ən yaxşı layihəsi elan olunub", - deyə R.Abdullayev bildirib.

SOCAR prezidenti I Avropa Oyunları zamanı idmançılarımızın qazandığı qələbələrdən danışıb, bu uğurlarda "Neftçi" İdman Klubu təmsilçilərinin rolundan bəhs edib. O, dünyamiqyaslı idman ölkəsi olan Azərbaycanda gələn il "Formula-1" Qran-pri yarışları, 47-ci Beynəlxalq Şahmat Olimpiadası, 2017-ci ildə İslam Həmrəylik Oyunları, 2020-ci ildə isə Avropa futbol çempionatının final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi haqqında qərarları yüksək qiymətləndirib, bunun Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş qalibiyyətli siyasi kursunun nəticəsi kimi dəyərləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi