Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub - YENİLƏNİB

    Söhbət zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

    Bakı. 14 iyul. REPORT.AZ/ İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşü olub.

    "Report" xəbər verir ki, görüşdə Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb.

    Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub.

    Söhbət zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    *** 10:34

    Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Pyotr Poroşenkonun iyulun 14-də rəsmi qarşılanma mərasimi olub.

    "Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

    Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Pyotr Poroşenkonu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib. 

    Ukraynanın və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. 

    Prezident İlham Əliyev və Prezident Pyotr Poroşenko fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. 

    Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Pyotr Poroşenkoya, Ukraynanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

    Azərbaycan və Ukrayna prezidentləri rəsmi foto çəkdiriblər.

    Sonra dövlət başçılarının təkbətək görüşü başlayıb. 

    Prezidentlərin təkbətək görüşündən sonra Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.

    İclasın yekununda Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasının protololunun, iki ölkənin gömrük orqanları arasında hava nəqliyyatı ilə yük daşınması zamanı gömrük pozuntularına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sənədin, eləcə də iki ölkənin mədəniyyət nazirlikləri arasında 2016-2020-ci illər üçün mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramının imzalanacağı gözlənilir. Sənədlərin imzalanmasından sonra dövlət başçıları mətbuat üçün bəyanatla çıxış edəcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi