İlk xəbər 10:38-də dərc olunub
Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda işgüzar səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrovu qəbul edib.
"Report" xəbər verir ki, təkbətək və geniş tərkibli heyətlə keçirilən görüşlər zamanı nazirlər Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsi və onları möhkəmləndirmək perspektivləri ətrafında müzakirələr aparıblar.
Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə və Azərbaycan və Ermənistan prezidentləri arasında Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə xüsusi diqqət ayrılıb.
Görüşdən sonra jurnalistlərə açıqlama verən Azərbaycan xarici işlər naziri iki ölkə arasındakı münasibətlərin strateji xarakter daşıdığını bildirib.
Onun sözlərinə görə, görüş zamanı tərəflər iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsiylə bağlı razılıq veriblər, "Şimal-Cənub" nəqliyyat dəhlizini müzakirə ediblər. E.Məmmədyarov avqust ayında Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün keçiriləcəyini və görüşdə bu layihənin müzakirə olunacağını vurğulayıb.
Azərbaycan XİN başçısı ölkələr arasında humanitar əlaqələrin yaxşı səviyyədə olmasını qeyd edərək Azərbaycanda Rusiyanın universitetlərin filiallarının olduğunu, müxtəlif mədəni tədbirlərin keçirildiyini xatırladıb.
Öz növbəsində, S.Lavrov, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb və fəal siyasi dialoqun mövcudluğunu qeyd edib.