Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

    Rasim Musabəyov: Azərbaycan müxtəlif platformalarda Rusiyanın tərəfdaşı olmağa hazırdır

    Bakı. 3 aprel. REPORT.AZ/ Bakıda Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. "Report" xəbər verir ki, tədbirdə Azərbaycan və Rusiyanın bir sıra politoloqları, deputatları, eləcə də Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

    "25 il ərzində Azərbaycan və Rusiya ikitərəfli əlaqələrdə müsbət nəticələrə nail ola biliblər", - deyə "Şimal-Cənub" Politologiya Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova bildirib.

    Onun sözlərinə görə, Rusiya və Azərbaycanın qarşılıqlı əməkdaşlığı hər iki ölkədə ictimai sistemlərinin dayanıqlılığını yaradır. O, hər iki ölkənin qlobal risk və problemlərlə birgə mübarizə apara biləcəyini qeyd edib.

    Öz növbəsində, Milli Məclisin deputatı Rasim Musabəyov Rusiya və Azərbaycanı bu gün Qafqaz regionunda "cihad riski" məsələsinin birləşdirdiyini qeyd edib.

    "Onları birlikdə neytrallaşdırmaq lazımdır. Belə risklərin qarşısının alınması mütləqdir", - millət vəkili deyib.

    O, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasının Azərbaycan üçün müsbət məqam olduğunu vurğulayıb: "Moskva və Ankara arasında münasibətlərin pisləşməsi Bakıya birbaşa zərər deməkdir. Münasibətlərin pisləşməsindən Ermənistan və Gürcüstan qabağa düşür, biz yox. Bakı bütün tərəflərlə yaxşı münasibətlərdə olmaq istəyir".

    Onun sözlərinə görə, Azərbaycan müxtəlif platformalarda Rusiyanın tərəfdaşı olmağa hazırdır. "Biz Rusiya platformasında Türkiyə ilə bərabər, üçtərəfli tərəfdaş ola bilərik. Maliyyə cəhətdən iştirak edə, mütəxəssislər verə bilərik. Biz siyasi və iqtisadi münasibətlərimizin diversifikasiyanda maraqlıyıq", - R.Musabəyov əlavə edib.

    Öz növbəsində, "Avrasiya ideyaları emalatxanası" Elmi-Tədqiqatlara Dəstək Fondunun Ekspert Şurasının sədri Qriqoriy Trofimçuk Azərbaycan və Rusiya arasında həm regional, həm də qlobal səviyyədə strateji münasibətlər qurulmalı olduğunu bildirib. "Azərbaycan Rusiya üçün regional tərəfdaşdan çox, qlobal tərəfdaşdır", - o deyib.

    Onun sözlərinə görə, Rusiya üçün Azərbaycanın əsas dəyəri onun aydın ifadə olunan dünyəviliyində və dini problemlərin həlli kontekstində öyrəniləsi çox şeyin olmasındadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi