Bakıda Avropa Şurası qonşuluq siyasəti üzrə konfrans başlayıb

Bakıda Avropa Şurası qonşuluq siyasəti üzrə konfrans başlayıb Tədbir Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilir
Xarici siyasət
7 Noyabr , 2014 12:09

Bakı. 7 noyabr.REPORT.AZ/ Bakıda Avropa Şurası qonşuluq siyasəti üzrə konfrans öz işinə başlayıb. "Report" xəbər verir ki, tədbir Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilir.

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, son illərdə ölkədə bir sıra irimiqyaslı beynəlxalq tədbirlər keçirilir: "Azərbaycan müxtəlif mədəniyyət və sivilizasiyaların kəşisməsində yerləşən bir ölkədir və müxtəlif etnik və dini icmalar arasında sülh şəraitində birgə mövcudluğun əsrlərlə davam edən ənənələrinin olması ilə fəxr edir. Bu səbəbdən biz mədəniyyətlərarası və dinlərarası dialoqun təbliğini xarici siyasətin prioritetləri səviyyəsinə qaldırmışıq. Son dövrlər Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi bir sıra beynəlxalq humanitar forumların təşəbbüskarı və ev sahibi olub. 2016-cı ildə Azərbaycanda BMT-nin Sivilizasiyalar alyansının 7-ci qlobal forumu keçiriləcək".  

O qeyd edib ki, bugünkü konfrans AŞ-da sədrlik çərçivəsində son böyük tədbirdir. Gələn həftə sədrliyin Belçikaya təhvil vermə mərasimi baş tutacaq. 

Nazir xatırladıb ki, öz sədrliyi dövründə Azərbaycan təhsil, gənclər, korrupsiya ilə mübarizə və s. sahələrdə bir sıra tədbirlərin təşəbbüskarı olub. 

E.Məmmədyarov, həmçinin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub: "Beynəlxalq səviyyədə tanınmış ərazilərimizin - Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən qanunsuz işğalı və 1 milyondan çox Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətində olması ilə nəticələnən münaqişənin ağır nəticələri olmasaydı, Azərbaycan və region daha çox nailiyyətlər əldə edə bilərdi. Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə hörmətlə yanaşılmasını təsdiq edən və işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də yerinə yetirilməməsi məyusedicidir".

Öz növbəsində Avropa Şurasının xarici siyasət üzrə direktoru Zotan Taubner Azərbaycana qonaqpərvərliyə və tədbirin təşkil olunmasına görə minnətdarlıq edib. O qeyd edib ki, Azərbaycan kimi ölkələr belə tədbirlərin keçirilməsi üçün ən yaxşı yerdir. 

Konfrans iştirakçıları AŞ qonşuluq siyasətində əldə edilən tərəqqi, gələcəkdə inkişaf perspektivləri, eləcə də qonşu regionlarla siyasi dialoqun möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər. Konfransda Avropa Şurasına üzv ölkələrin daimi nümayəndələri, Azərbaycanda akkreditasiya olunan diplomatik missiyaların rəhbərləri, nazirliklərin nümayəndələri iştirak edirlər.  

Konfrans noyabr ayının 8-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi