Yuxarı

Bakıda Aİ-Azərbaycan alt komitələrinin iclası keçiriləcək

Dörd alt komitənin iclası Azərbaycan paytaxtında sentyabr ayından dekabr ayına kimi keçiriləcək

Bakı. 26 avqust. REPORT.AZ/ Avropa İttifaqı-Azərbaycan üzrə dörd alt komitənin iclası sentyabr ayından dekabr ayına kimi Bakıda keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Onun sözlərinə görə, alt komitələrin görüşünün keçirilməsi ilə bağlı Aİ ilə razılıq əldə olunub: "Bütün görüşlər Bakıda keçiriləcək. Bizim dörd alt komitəmiz var: ticarətlə bağlı məsələlərlə məşğul olan alt komitə; ədliyyə, azadlıq və təhlükəsizlik, eləcə də insan hüquqları məsələsi üzrə məşğul olan alt komitə; energetika, nəqliyyat və ətraf mühit məsələləri ilə məşğul olan alt komitə və təhsil, tibb və s. əhatə edən sosial-humanitar məsələlərlə məşğul olan alt komitə. Artıq demək olar bütün görüşlərin tarixi razılaşdırılıb".

Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi bağlanması üzrə danışıqların başlanma tarixi məsələsini şərh edən nazir müavini qeyd edib ki, bu məsələyə hazırda Aİ-də baxılır və bu danışıqlara başlamaq üçün artıq oktyabr ayının ortalarında Aİ tərəfindən mandat verilməsi də istisna deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi