“Bakı Forumu Azərbaycanın sülh siyasətini bütün dünyaya nümayiş etdirir” - RƏY

Xarici siyasət
  • 17 iyun, 2022
  • 09:53
“Bakı Forumu Azərbaycanın sülh siyasətini bütün dünyaya nümayiş etdirir” - RƏY

“Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bölgədə sülhün təmin olunması istiqamətində davamlı, ardıcıl səylər göstərir, humanizm və ədalət kimi ali prinsiplərin qorunmasına töhfələr verir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

O bildirib ki, qlobal təhlükəsizliyin, dünyada narahatlıq yaradan ciddi problemlərin Azərbaycanda keçirilən mötəbər tədbirlərdə müzakirəsi liderlər tərəfindən təqdir olunmaqla bərabər, həm də dövlətimizin dünyada artan nüfuzunun göstəricisi kimi diqqət çəkir: “Dünyada uğurlu platformaya çevrilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda 50-dən artıq ölkənin, beynəlxalq təşkilatların, nüfuzlu ictimai və dövlət xadimlərinin iştirakı ilə reallaşan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu da narahatlıq doğuran məsələlərin, yoxsulluğun, ədalətsizliyin və bəşəriyyət üçün təhlükə yaradan digər problemlərin müzakirəsinin səmərəliliyi baxımından böyük maraq doğurub”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həmsədrlərinin səyi ilə qlobal məsələlərin müzakirəsini aparan bu qurumun geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı institutlardan birinə çevrildiyini vurğulayıb: “Qlobal Bakı Forumunu mükəmməl platforma adlandıran ölkə başçısı dünyanı daha da təhlükəsiz etmək üçün liderlərin bir-biri ilə daha yaxından əlaqə yaratmalarının zəruriliyini xatırladıb”.

“Prezident Qafqazda regional təhlükəsizliklə bağlı Azərbaycanın yanaşmalarına toxunaraq, Vətən müharibəsində ədalətli qələbə əldə etməklə beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunduğunu bildirib. Eyni zamanda, Azərbaycanın münaqişədən sonra təcavüzkarı məğlubiyyətə uğradan ölkə kimi qarşı tərəfə sülh təklifinin dünyada nadir hallarda rastlaşılan hadisə olduğunu deyib”, - R.Mahmudov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan dövləti sülhü seçib, Prezident İlham Əliyevin vurğuladığı kimi, respublikamız Cənubi Qafqazda barışa, sabit, dayanıqlı inkişafa üstünlük verib və bu məqsəd uğrunda əzmlə mübarizəyə başlayıb: “Dövlətimizin başçısı çıxışında Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın müddəalarını, o cümlədən kommunikasiyaların açılması məsələsini xatırladaraq, o zaman bu məsələlərin həyatda öz təsdiqini tapacağına inanıldığını söyləyib. Ölkə rəhbəri həmin vaxtdan ötən müddətdə Ermənistanın təəssüf ki, bəyanatın icrası ilə bağlı heç bir əməli addım atmadığını, bu istiqamətdə heç nəyin dəyişmədiyini, bunun qəbuledilməz bir hal olduğunu və belə bir vəziyyətin regionda bir disbalans yaratdığını diqqətə çatdırıb”.

R.Mahmudov xatırladıb ki, Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin açılmasını regional sülhün fundamental elementi adlandıraraq, Azərbaycana bu əlaqə yolunun təqdim edilməyəcəyi təqdirdə sülh haqqında danışmağın çətin olacağını bildirib: “Bu məsələdə ölkəmizin, həmçinin qonşu Gürcüstanın mövqeyi bütün dünyaya məlumdur. Ermənistanın Cənubi Qafqazı necə görmək istədiyi haqqında isə danışmaq çətindir”.

Deputat qeyd edib ki, dövlət başçısı Forum iştirakçılarına, eyni zamanda, müraciətlə dialoq və təmaslar qurmağın, region üçün xüsusi əhəmiyyət daşıyan məsələlərin, eləcə də nəqliyyat sahəsində əməkdaşlığın, tranzitlə bağlı yeni imkanlarının nəzərdən keçirilməsinin müzakirəsinə, həllinə birlikdə nail olmağın zəruriliyini xatırladıb: “Azərbaycan Prezidenti Forumdakı çıxışında ATƏT-in Minsk qrupunun münaqişə dövründəki fəaliyyətsizliyinə də toxunub. Ölkə rəhbəri ATƏT-dən mandat alan bu təsisatın 28 il ərzində heç bir nəticə əldə etmədiyini, buna görə də Azərbaycanın özünün Qarabağ münaqişəsini aradan qaldırdıqdan sonra artıq bu qrupun işinə ehtiyac qalmadığını bildirib. Rusiya-Ukrayna müharibəsindən sonra isə daha aydın göründü ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz. Bu, həm də o anlamı verir ki, Minsk qrupu funksiyasını itirib”.

Onun sözlərinə görə, Forumun qlobal gündəliyinin aktual məsələlərindən olan enerji təhlükəsizliyinə toxunan dövlət başçısı qeyd edib ki, Azərbaycanın resurslarına təlabat son vaxtlar xeyli artıb, qısa vaxtda bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı Azərbaycana müraciətlər daxil olub: “Buna görə də Avropa Komissiyası ilə enerji dialoquna start verilib. İndi artıq təkcə Azərbaycan qazının nəql olunması deyil, həm də neft, elektrik enerjisi və hidrogen də müzakirə mövzusuna çevrilib”.

R.Mahmudov söyləyib ki, dünya yenidən qlobal problemlərin mümkün həlli yollarını araşdıran və bu istiqamətdə Bakıdan səslənən təşəbbüslərin şahidi olub: “Prezident İlham Əliyevin dediyi kimi, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına zəmin yaradır”.

O bildirib ki, Bakı Forumu regionun lider dövləti olan Azərbaycanın dünyanın siyasi-iqtisadi problemlərinin həllində söz sahibi olan dövlətə çevrilməsini təsdiqləyib: “Başqa sözlə, Prezident İlham Əliyevin 2003-cü ildən başlayan uğurlu daxili və xarici siyasəti özünün məntiqi nəticəsinə çatmaqdadır. Bu gün Azərbaycan dünya güclərinin hesablaşdığı və rəyini, maraqlarını nəzərə alacaq bir durumdadır”.

Son xəbərlər

Bütün Xəbər Lenti