"Bakı Bəyannaməsi əməkdaşlıq platformalarının məntiqi davamıdır" - RƏY

"Bakı Bəyannaməsi əməkdaşlıq platformalarının məntiqi davamıdır" - RƏY XXI əsrdə hər hansı dövlət üçün nüfuz göstəricisi həmin ölkənin çağırış və təşəbbüslərinə qlobal reaksiyalarla ölçülür
Xarici siyasət
29 İyul , 2021 19:07
Bakı Bəyannaməsi əməkdaşlıq platformalarının məntiqi davamıdır - RƏY
Bəhruz Məhərrəmov

"XXI əsrdə hər hansı dövlət üçün nüfuz göstəricisi həmin ölkənin çağırış və təşəbbüslərinə qlobal reaksiyalarla ölçülür. İndiki mürəkkəb geosiyasi situasiyada isə qlobal dəstəyi təzyiq, yaxud təsirlə deyil, yalnız maraqların uzlaşdırılması formatı ilə qazanmaq mümkündür. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında rəsmi Bakı bu qızıl ortanı tuta bilib".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, xüsusilə Bakı prosesi formatında həyata keçirilən çoxşaxəli fəaliyyət nəticəsində Azərbaycan mühüm bəşəri dəyərlər yarada, yaxud bu dəyərlərə əhəmiyyətli töhfə verə bilib: "Hər şeydən öncə ilk dəfə məhz 13 il öncə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına 10 müsəlman ölkəsi də dəvət edilməklə Azərbaycanın təşəbbüsləri ilə İslam və xristian dünyası çox vacib siyasi platformalarda eyni amallar uğrunda mübarizə yollarını birləşdirərək “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi. Əlbəttə, məhz Azərbaycanın səyləri nəticəsində Bakı prosesi müxtəlif format və platformalar şəklində davam edərək qlobal əhəmiyyət daşımağa başladı və istər multikultural dəyərlərin möhkəmlənməsi, istərsə də dini, etnik dözümlülük mühitinin bərqərar olunmasında müstəsna rol oynadı. Təbii ki, təşəbbüslərin Azərbaycandan gəlməsi Bakının qlobal oyunçu kimi tanınmasında mühüm rol oynadı və nəticədə Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslərin beynəlxalq aləmdə dəstəklənməsi davamlı halda müşahidə olunmağa başladı".

Deputat bildirib ki, rəsmi Bakı üçün prioritet insan amili olduğundan Azərbaycana qlobal etimad var: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi qismində bütün təşəbbüs və çağırışları məhz insan amilinə, ədalət və humanizm dəyərlərinə əsaslandı, nəticə də özünü çox gözlətmədi. Əminliklə hesab etmək olar ki, Azərbaycanın növbəti bir il müddətinə təşkilata sədrliyi qlobal təşəbbüslərə dəstəyin ən vacib göstəricilərindən biri oldu".

B.Məhərrəmov vurğulayıb ki, bir neçə gün öncə Azərbaycan, Türkiyə və Pakistan arasında imzalanmış Bakı Bəyannaməsi də heç şübhəsiz Azərbaycanın təşəbbüsü ilə formalaşdırılmış birgə əməkdaşlıq platformalarının məntiqi davamı sayılmalıdır: "İstər qardaş Türkiyə, istərsə də dost Pakistan dövlətinin Azərbaycana münasibəti, həmrəyliyi əlbəttə şübhə doğurmur. Xüsusilə 44 günlük müharibə ərzində biz həm rəsmi Ankara, həm də İslamabadın ən yüksək səviyyədə ədalətə əsaslanan siyasi mövqeyini aşkar şəkildə gördük. Bu münasibət və mövqeyin parlamentar səviyyədə realizəsi isə birbaşa xalqlarımızın mövqeyinin təsbiti deməkdir".

Son xəbərlər

Orphus sistemi