“ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı tarixi reallıqlara rəğmən, regiondaki əməkdaşlıq və sabitliyi zədələmək bahasına vermiş olduğu siyasi motivli qərardan ötrü dərin təəssüflənirəm”.
“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu Türkdilli dövlətlərin əməkdaşlıq şurasının baş katibi Bağdat Amreyev deyib.
Onun sözlərinə görə, 1915-ci il hadisələri müvafiq beynəlxalq sənədlərə əsaslanaraq, şəffaf və ədalətli şəkildə araşdırılmalıdır:
“Başqa bir ölkəyə qarşı təhrif olunmuş tarixi iddialar, yalnız ölkələr və cəmiyyətlər arasında nifrət, intiqam və düşmənçilik hisslərini alovlandırmaq istəyənlərə fayda gətirəcək. ABŞ prezidentinin açıqlamasını qınayıram və inanıram ki, tarixi siyasi məqsədlər üçün saxtalaşdırmaq və ya tarixi “yenidən yazmaq” cəhdləri, ölkələr və xalqlar arasında daha çox qütbləşməyə səbəb olacaq, beləliklə, bölgəmizdə sülhə və sabitliyə də mane olacaqdır.
Bu çərçivədə Türkiyənin 1915-ci il hadisələrinin tarixçilər tərəfindən elmi əsaslarla şəffaf şəkildə araşdırılması üçün Birgə Tarix Komissiya qurmaq təşəbbüsü və arxivlərin açılması təklifi təqdirəlayiqdir. Bu, tarixi həqiqətləri ortaya qoymaq və ədalətli tarixi formalaşdırmaq istəyən hər kəs üçün konstruktiv bir yanaşma, xoş niyyət göstəricisidir”.