Azərbaycan XİN başçısı BMT-ni Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələri yerinə yetirməyə çağırıb

Azərbaycan XİN başçısı BMT-ni Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələri yerinə yetirməyə çağırıb Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin prezidenti ilə görüşüb
Xarici siyasət
25 Sentyabr , 2014 10:21
Azərbaycan XİN başçısı BMT-ni Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələri yerinə yetirməyə çağırıb
Bakı. 25 sentyabr. REPORT.AZ. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirakı çərçivəsində Assambleyanın prezidenti Sam Kutesa ilə görüşüb. Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, görüş əsnasında BMT Baş Assambleyasının 69-cu sessiyası və onun gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə  edilib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın fəal üzv dövlət kimi 69-cu sessiya ərzində də BMT Baş Assambleyası və onun komitələrinin işində fəal iştirak edəcəyini deyib. O, Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət adlı gündəlik maddəsinin 69-cu sessiyanın gündəliyində olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

BMT Baş Assambleyasının prezidenti Sam Kutesa 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın fəaliyyətini və Afrika qitəsinə aid məsələlərdə göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. O, əminliyini ifadə edib ki, 69-cu sessiya çərçivəsində də Azərbaycanla sıx əməkdaşlıq davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi