Bu gün ABŞ-ın Nyu-York şəhərində mer seçkiləri keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, səsvermə prosesi yerli vaxtla səhər saat 06:00-da başlayıb. Seçki məntəqələri axşam saat 21:00-a qədər açıq qalacaq.
Mer seçkilərində ən güclü namizəd demokrat partiyasından Erik Adams həmvətənlərimizin ən sıx yaşadığı Bruklin əyalətində yerləşən P81 dövlət məktəbində səs verib.
Bruklin inzibati rayonunun rəhbəri, keçmiş polis məmuru E.Adams respublikaçılar partiyasından namizəd, küçə təhlükəsizliyinə nəzarət edən "Qoruyucu mələklər" təşkilatının qurucusu və radioaparıcı Kurtis Sliva ilə mübarizə aparır.
"Demokratların qalası" kimi tanınan Nyu-Yorkda hər respublikaçı seçiciyə 7 demokrat seçici düşür. Buna görə də K.Slivanın demokrat rəqibi E.Adamsa məğlub olacağı gözlənilir.
Demokrat namizəd “Report”un yerli bürosuna açıqlamasında Azərbaycanı və azərbaycanlıları çox sevdiyini, Nyu-Yorkda yaşayan həmvətənlərimizə daimi dəstək olduğunu bildirib.
Qeyd edək ki, E.Adams Nyu-Yorkda yaşayan Azərbaycan icması ilə sıx əməkdaşlıq edir və həmvətənlərimiz seçki kompaniyasında onun güclü dəstəkçiləri olub. Demokrat namizəd bir neçə dəfə Azərbaycanda səfərdə olub. E.Adams 2014-cü ildə Bakı şəhərinin Səbail rayonu ilə Nyu-Yorkun Bruklin inzibati rayonu arasında dostluq protokolunu imzalayıb, bununla da Səbail və Bruklin "qardaşlaşmış şəhərlər" statusunu alıb.