Fransa Senatının ermənipərəst qətnamə layihəsinə cavab olaraq azərbaycanlıların hazırladığı petisiya “Mesopinions” petisiya saytında yerləşdirilən xarici mövzular üzrə ən çox rezonans doğuran petisiyalar arasında ilk beşliyə daxil olub.
“Report” xəbər verir ki, bir aydan az müddətdə petisiyanı imzalayanların sayı 104 min nəfərdən çox olub.
Xatırladaq ki, oktyabrda bir qrup azərbaycanlı Fransa Senatına və xalqına ünvanlanmış petisiya hazırlayaraq “Mesopinions” saytında yerləşdirib. Petisiya azərbaycanlıların noyabrın 15-də Senatda səsvermənin nəzərdə tutulduğu qətnamə layihəsinə reaksiyasıdır.
Petisiyanı tərtib edənlər bildiriblər ki, qətnamə layihəsi Ermənistan-Azərbaycan münaqişəsinə tamamilə birtərəfli və qərəzli baxışı əks etdirir, onun müəllifləri yalnız erməni tərəfinin maraqlarını müdafiə edirlər: “Münaqişə tərəflərindən təkcə birinin deyil, həm də illərin ağrı-acısını, itki hissini keçirən tərəfi görməyə, səylərini anlamağa çalışın. Azərbaycanlıların heç də az hüququ yoxdur, onlar anlayış göstərilməsinə və mərhəmətə layiqdirlər. Yalnız bu yolla Fransa bu iki xalq arasında çoxdan gözlənilən sülhün əldə olunmasına real töhfə verə bilər”, - petisiyada qeyd olunub.
Fransa mediası bu petisiyanı işıqlandırmamaq qərarına gəlsə də, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna, Polşa və İsrail mətbuatında bununla bağlı xəbərlər dərc olunub.