Bu ilin payız aylarında Ukraynada baş tutacaq gənclərin beynəlxalq diplomatik forumunda azərbaycanlı gənclər də iştirak edəcək.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna gənclər və idman nazirinin müavini Marina Popatenko Kiyevdə Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı ilə görüşü zamanı bildirib.
Nazir müavini deyib ki, Ukrayna Azərbaycandan olan gəncləri sentyabrda keçirilməsi nəzərdə tutulan bu foruma dəvət etməyi nəzərdə tutur: "İslahatlar ərəfəsində olan Ukrayna Azərbaycanla bütün sahələrdə olduğu kimi, gənclər hərəkatının təkmilləşdirilməsi sahəsində də təcrübə mübadiləsinin dinamikləşdirilməsində maraqlıdır".
M.Popatenko Azərbaycanın gənclər siyasətini yaxından izlədiklərini deyib: "İstənilən islahat dalğasının təməlində gənclər hərəkatı, gənc kadrlar aparıcı yer tutur. Bu amili nəzərə alaraq Azərbaycanla qarşılıqlı tədbirlərin, forumların keçirilməsinə maraqlıyıq".
F.Şahbazlı isə Azərbaycanın gənclər siyasəti sahəsində əldə etdiyi uğurlardan, xüsusilə son zamanlar baş verən yeniliklər barədə məlumat verib. O, görüş zamanı Ukraynanın gənclər təşkilatları ilə əməkdaşlıq, ortaq toplantıların keçirilməsi, beynəlxalq platformalarda birgə fəaliyyət haqqında müzakirələr açıb: “İnanırıq ki, Azərbaycan dövlətinin böyük dəstəyi ilə Ukrayna gənclər təşkilatları ilə Bakıda bir araya gələcəyik”.