Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Xəzər dənizində əlaqə və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması” mövzusunda keçirilən 5-ci Xəzər Biznes Forumunda iştirak edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib.
E. Məmmədov, Azərbaycanın Orta və Şimal-Cənub dəhlizlərinin inkişafı istiqamətində səyləri, o cümlədən Rəqəmsal İpək Yolu layihəsi haqqında ətraflı məlumat verib.
Nazir müavini Azərbaycanın “yaşıl enerji zonaları” elan etdiyi işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yaşıllaşdırma təşəbbüslərindən də danışıb.
Azərbaycanın COP29 sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, yaşıl enerjiyə keçid zamanı bütün beynəlxalq tərəfdaşlarla sıx əlaqəsi diqqətə çatdırılıb.